“Azərbaycanfilm” kinostudiyasındakı partlayışla bağlı araşdırmalar başladı

İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Qurumdan verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR