Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev dünya miqyasında yeni liderlik modeli yaratdı

İlham Əliyev dünya miqyasında yeni liderlik modeli yaratdı

İlham Əliyev dünya miqyasında yeni liderlik modeli yaratdı
2023-10-21 , 17:05

Qardaş Türkiyə mediasının “admiral gəmisi” sayılan “Hürriyyət” qəzetinin baş yazarı Əhməd Hakan bu yaxınlarda Qarabağın erməni işğalından azad olunması barədə guşə yazmış, “İlham Əliyev dünya iderliyini təsdiq etmişdir” söyləmişdi. Sadə formada “dünya siyasəti” dediyimiz beynəlxalq arenadakı maraqlar mücadiləsinin təmsilçilərinə nəzər salanda bu qənaətin heç də qardaş təəssübkeşliyindən doğan mübaliğəli rəğbət olmadığı birmənalıdır. Bəşər tarixində ən böyük imperiya olmuş Britaniyanın baş nazir böhranı yaşadığı bir dövrdə yeni qazanılan dövlət müstəqilliyimizi istinad nöqtəsinə çevirmiş Azərbaycan prezidentinin dünya çapında liderlik modeli yaratması, əlbəttə, fəxarətlidir. Ancaq məsələyə soyuq başla yanaşmaq daha faydalıdır.

Elə bizim regionumuza nəzər salanda daxili və beynəlxalq auditoriyaya “lider” kimi qəbul etdirilməsi üçün Qərbin nəhəng media resursları tərəfindən illərcə mədh olunan Mixail Saakaşvilini, Avropa Birliyində ayaqda alqışlanıb kulislərində məsxərəyə qoyulan Nikol Paşinyanı, artistizmi Ukraynanı fəlakət poliqonuna çevrilməsinə rəvac vermiş Ukrayna liderlərini göz önünə gətirək. Yaxud Amerika, Avropa, Asiya qitəsində oturuşmuş ənənələrə sahib olan və olmayan ölkələrdəki məhkəmə önünə çıxarılan, impiçment proseduruna məruz qalan, xaricə qaçan, xarizması yerlə yeksan olan liderləri yada salaq. Dövlət müstəqilliyinə qarşı ən real, ən ciddi, ən böyük tarixi təhdidi aradan qaldırmış İlham Əliyevin möhtəşəm uğur hekayəsi o gerçəkliyi bir daha ortaya qoyur ki, nisbətən dinc çağlarda kimlər tərəfindən idarə olunmasının fərqinə varmayan dünya elan olunmamış qlobal müharibə şəraitində Azərbaycan prezidentinin timsalında yeni liderlik modeli ilə tanış olur. Super dövlətlərin yaşlanaraq həyacan və təsirliliyini itirən, dəyişən güc dəngələri arasında viziyadan məhrum olan, yaxud 4-5 ildən bir keçirilən seçkilərin kserks aparatı kimi surəti çıxarılan fiqurlarla müqayisədə İlham Əliyev bir lider kimi həm klassik çağların müdrikliyini, həm sənaye dövrünün praktikliyini, həm də post modern dönəmin məqsəd, struktur, prosedur və qaydaları dəyişdirmək qabiliyyətini öz şəxsiyyətində cəmləyir. Ualter Lipmann, “soyuq savaş” terminini dünyada populyarlaşdıran siyasət nəzəriyyəçisi “liderin uğuru onunla eyni cığırda yürüyəcək yeni nəsillərdə yaradacağı əzm və iradənin yüksəkliyi ilə ölçülür” deyəndə son dərəcə haqlı idi.
Torpaqlarımız işğal altında olduqda düşmənin ən böyük planı və ümidi ona hesablanmışdı ki, Qarabağda doğulmamış, məktəbə getməmiş, məzun olmamış nəsillər heç zaman dədə-baba yurdularının azad olunması üçün döyüşməyəcək, qayıdışa can atmayacaq. 44 günlük savaşda tam əksi yaşandı. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin əsas yaş qrupu olan 2000-cilər- məhz İlham Əliyevin hakimiyyəti dövründə formalaşmış nəsil torpaqlarımızın azadlığı uğrunda ortaya qoyduğu əzm və iradə ilə böyük gələcəyə gedən yolumuzun avanqardı oldular. Lider xalqdan, xalq isə öz Liderindən aldığı güclə, enerji ilə təkcə tarixi düşmənini diz çökməyə, kapitulyasiya imzalamağa məcbur etmədi, eyni zamanda, beynəlxalq münasibətlər sistemində əsrlərlə formalaşmış streotipləri qırdı, ehkamları darmadağın etdi. Bir əsrdir dünyanın bütün ölkələrində tarixçilərin, diplomatların, sosoloqların, politoloqların və siyasətçilərin beyninə yeridilən “Şərq məsələsi”- nəhəng Osmanlı imperiyasının çöküşünə səbəb olmuş, Türkiyə kimi qüdrətli bir dövlətin başağrısına çevrilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin, hətta SSRİ kimi dünyanın yarısını tutan bir sistemin məhvini sürətləndirmiş problem lham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində çözümə qovuşdu.
Bu, heç şübhəsiz, İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qazanılan silsilə uğurların dialektik zirvəsi idi.
Bu, İlham Əliyevin rəhbərlik etdiyi, milli maarifçilik köklərinə bağlı qalaraq müasirləşdirdiyi və bütün sahələr üzrə yenidən qurduğu Azərbaycan dövlətinin, xalqımızın güvənilməz dünyaya öz sözünü deməsi idi.
Bu, Azərbaycan xalqının dövlətçilik identifikasiyasının zənginliyinin, milli hədəflərinə qarşı ən çətin şərtlər altında nail olmaq bacarığının, mənəvi-əxlaqi böyüklüyünün bir daha ortaya çıxması idi.
Bəli, Qarabağı azad etmək üçün dünyanı qarşısına almış xalq və onun dövləti, dövlət başçısı təkcə Ermənistan və diasporası üzərində yox, “Şərq məsələsi”nin bütün yaradıcıları, tərəfdarları, himayədarları ilə savaşaraq qalib gəldi.
Tarixi zəfərimizdən sonra regionda və dünyada yarananan yeni reallıq Yeni Azərbaycanı Yeni Qafqazın, Yeni Şərqin, Yeni Dünyanın qurucu dövlətinə çevirir. Multi ekonomik zənginliklər, Samanyolu qalaktikasının hər küncünədək irəliləyən texnologiyalar, planetmizi bir neçə dəqiqədə məhv etməyə qadir nüvə silahları ilə aparılan qlobal hakimiyyət uğrunda mübarizədə artıq Azərbaycanın da bir dövlət olaraq iştirak etməsinin sirri İlham Əliyevin həm ölkəsinin daxilində, həm də qlobal müstəvidə mövcud trendləri aydın görməsinin, xalqımızın tərəqqisinə xidmət edən addımları nə vaxt və necə atmağı dəqiq bilməsindədir.
Bu günlərə birdən-birə gəlmədik.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuş, dövlət bayrağımız qaldırılmışdı. Cümhuriyyətin ilk rəmzi Osmanlı bayrağına bənzədiyi üçün Bakıya daxil olan ingilislərin xoşuna gəlmir deyə dəyişdik- indi Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər keçir.
Daha sonra qəbul olunan üçrəngli bayrağı- Azərbaycanın hazırkı dövlət rəmzini dövlət tədbirlərində binaların başından bir neçə saatlıq asmaq üçün cümhuriyyət hökuməti ingilislərdən izacə almalı idi- indi Azərbaycan Prezidenti heç kimin üzünə belə baxmadan Xankəndidə bayraq dalğalandırır.
AXC elan olunar-olunmaz İrəvanı güzəşt etdik, sosialist Azərbaycanı qurular-qurulmaz Qərbi Zəngəzur ermənilərə “inqilab hədiyyəsi” olaraq peşkəş edildi. SSRİ dövründə Azərbaycanda Heydər Əliyevin hakimiyyətdə olmadığı illərin hər birində rəsmi və qeyri-rəsmi formada Ermənistana ərazilər bəxş olundu. 1987-93-cü illərdə, cəmi 6 il il Heydər Əliyev ali idarəçilikdə post tutmadı, başımıza gəlməyən müsibət qalmadı. Ulu Öndərin yenidən iqtidara qayıdışı ilə 100 ilə yaxın çəkən respublikalaşma prosesi konstitutsional bünövrəyə salınmaqla, dövlət təşkilatı formalaşdırılmaqla yeni yol xəritəsinə qovuşdu, faktiki olaraq yenidən quruldu. Azərbaycanın siması, azərbaycanlının obrazı dəyişib. Nəyin və kimin sayəsində? Bu sualı özümüzə verəndə içimizdən prezident İlham Əliyevə ən səmimi şəkildə təşəkkür etmək keçir.
Bu gün Azərbaycanda elə bir kənd, yaşayış massivi yoxdur ki, orada İlham Əliyevin quruculuq əsəri olmasın. İlham Əliyevin hakimiyyət dövründə Azərbaycanın sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə modernləşib. Xatırlatmaq kifayətdir ki, bu dövrdə 3 mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilib. 300 mindən çox qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu məqsədlə 100-dən çox qəsəbə salınıb. Xankəndidə, Ağdərədə və Füzulidə olan evlərindən bircəcə çöp belə çıxarmamış yaxın bir qohumum ermənilərin Qarabağdan getməsini nəzərdə tutaraq elə-beləcə də dedi: “Belə köçkün düşməyə nə var”
Bu sarkazmda, əslində, bir deyil, bir neçə ömrün faciəsi vardı. Çadır şəhərciklərindəki çarəsizlik, yataqxana dəhlizlərindəki üfunət, Kəlbəcər işğal olunanda mülki əhalini düşmən atəşi altından çıxarmaq üçün verilməyən iki helikopterə möhtaclıq gizlənirdi bu cümlənin arxasında. Amma indi Azərbaycan dünyanın ən güclü və müasir ordularından birinə malikdir. Silahlı Qüvvələrimizin apardığı döyüş əməliyyatları xarici hərbi ali məktəblərdə xüsusi olaraq öyrənilir. ASAN və DOST xidmətləri ilə dövlət-vətəndaş münasibətləri dünyanın ən inkişaf etmiş ölkələrini belə heyrətə salacaq səviyyədə məmnuniyyət əsasında qurulur. Azərbaycanın bir rayonundan o biri rayonuna keçəndə iqtisadi təşəbbüs azadlığının nəticələri göz oxşayır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair qəbul olunan 4 dövlət proqramı işsizliyin və yoxsulluğun səviyyəsini kəskin azaltmaqla yanaşı, özəl sektorun inkişafına da həlledici təkan verib. Bu yaxınlarda şəxsən şahidi olduğum mənzərini deyirəm, doğulduğum Bərdədən düz Ağcabədiyə qədər yol boyu yüzlərlə kiçik və orta müəssisə fəaliyyət göstərir, bütün torpaqlar əkilir, suvarılır. Sadəcə məcbur köçkünlər deyil, müstəqilliyin ilk illərində paytaxta axın eləmiş digər rayonların sakinlərinin kəndə qayıdışı sosiumda xüsusi trend kimi ciddi şəkildə nəzərə çarpır. Aparılan şəffaflaşmadan, toplumun ələbaxanlıq psixologiyasından uzaqlaşdırılmasından dolayı ən çox tənqidə tuş gələn dövlətimizin sosial siyasəti bütün həssas təbəqələri himayə edir.
Əlbəttə, problemlər- həm illərdir həllini gözləyən, həm də həll olunmuş problemlərdən doğan yeniləri- də var. Daha mobil bir dövlət təşkilatı qurmaq, icmaların özünüidarəçiliyini gücləndirmək, lokal problemlərin həlli üçün bürokratik əngəlləri aradan qaldırmaq üçün müharibədən öncə başlanan islahatlar kursunun yenidən intensivləşdirilməsi vacibdir. Bu işlərin də öhdəsindən gələcəyimiz şübhəsizdir ona görə ki, prezident İlham Əliyev sosial-iqtisadi baxımdan mövcud resursları tükədən deyil, yeni resurslar formalaşdıran liderlik anlayışına sahibdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.