Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əhaliyə vacib xəbər - Dəfn sığortası tətbiq OLUNACAQ?

Əhaliyə vacib xəbər - Dəfn sığortası tətbiq OLUNACAQ?

Əhaliyə vacib xəbər - Dəfn sığortası tətbiq OLUNACAQ?
2023-07-22 , 08:05

Ölüm bioloji bir proses olmaqla yanaşı, həm də sosial sığorta hadisəsi hesab olunur. Sosial sığorta şəxsin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin bərpa edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəlmiş bir hadisədir. Dəfn pulu da bu sosial sığorta üzrə ödəmələrin bir növüdür. Avropanın bir çox ölkələrində vəfat edən şəxsin dəfn xərcləri sığorta ilə qarşılanır. Sığorta şirkəti şəxsin ailəsinə dəfn üçün yaranan xərclərin kompensasiyasına görə müəyyən qədər pul ödəyir.

Bəs Azərbaycanda dəfn sığortasının tətbiq olunmasına ehtiyac varmı?
Məsələ ilə bağlı Referans.az-a öz fikirlərini bölüşən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, bu təcrübənin bizdə tətbiq olunması düzgün olmaz:
“İndi hər millətin özünün adət ənənəsi var. Bizim də adət ənənələrimiz mövcuddur. Ola bilər ki, bunun maliyyə cəhətdən əhəmiyyəti var. Amma bizim milli mənəvi dəyərlərimizə görə, ölümüzə 3 veririk, 40 veririk, biz onları birdən-birə ləğv edə bilmərik. Mənim xəbərim var, Avropanın əksər ölkələrində sadəcə vəfat edən şəxsin dəfni üçün pul verilir. Yəni sadəcə dəfn xərcini öz üzərlərinə götürürlər. Başqa digər xərclər qarşılanmır”.
Sığorta məsələləri üzrə ekspert İlkin Nəcəfov isə bildirib ki, bu gün dəfn xərcləri olduqca bahadır, buna görə də belə bir təcrübənin bizdə tətbiq edilməsi məqsədəuyğundur: “Ümumiyyətlə, bugünkü həyat sığortası İngiltərədəki dəfn xərclərinin çox baha olmasından yaranmışdı. Həmin dövrdə insanların ölüsü ölürdü və aparıb basdırmağın xərci çox olurdu deyə belə bir həyat sığortası yaratdılar ki, ölünü basdırmaq üçün vəsait olsun. Yəni həyat sığortasının yaranmasının ilk səbəbi dəfn sığortası olub. Dəfn sığortası isə bu gün Avropa ölkələrində geniş yayılıb. Sadəcə məsələ ondadır ki, bizdə dəfn qiymətləri bələdiyyənin qoyduğu rəsmi qiymətlərlə real bazar qiyməti uyğun deyil”.
Ekspertin sözlərinə görə, nə zaman ki, qanunlar düzgün icra olunacaq, həmin vaxt bu məsələ daha aktual olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.