Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mövlam Şıxəliyevə qarşı daha bir mülki iddia təmin edildi - 200 min manatlıq zərəri ödəməli olacaq

Mövlam Şıxəliyevə qarşı daha bir mülki iddia təmin edildi - 200 min manatlıq zərəri ödəməli olacaq

Mövlam Şıxəliyevə qarşı daha bir mülki iddia təmin edildi - 200 min manatlıq zərəri ödəməli olacaq
2023-11-03 , 16:07

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub -E.M) həbsdə olan generalı, uzun müddət nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevə qarşı 123 min dollarlıq iddia qaldırılıb. İddiaçı vaxtilə MTN-də həbsdə saxlanmış, hazırda baxılan işdə zərərçəkmiş kimi tanınanlardan biri - Ələddin Əliyevdir.

Musavat.com xəbər verir ki, Ələddin Əliyev 2013-cü ilin yanvarında brilyant daşları qaçaqmalçılıqla ölkəyə gətirməkdə ittiham edilərək həbs olunub. MTN-in istintaq təcridxanasında saxlanılan sahibkar 1 ay sonra buraxılıb. O iddia edir ki, azadlığa çıxmasından ötrü 106 min dollar pulunu alıblar. Öncə MTN-in binası yaxınlığında 2 dəfəyə olmaqla 100 min dollar pul verib.
Zərərçəkmişin sözlərinə görə, sonradan ondan tələb edilən məbləği 110 minə qaldırıblar və ondan daha 10 min dollar istəyiblər. Ancaq son nəticədə aparıb Bakı Əyləncə Mərkəzində 6 min dollar da verib.
Ələddin Əliyev deyir ki, ona qarşı qaçaqmalçılıq ittihamı saxta idi, həbsə atılmasında məqsəd pulunu almaq olub. O iddia edir ki, üstəlik, 17 min dollarlıq brilyant daşlarını da götürüblər.
“Orada baş verənlər Mövlam Şıxəliyevin göstərişi ilə həyata keçirilirdi. Onun hər şeydən xəbəri vardı”, - bunu söyləyən iddiaçı keçmiş MTN generalından ona dəymiş ziyanın ödənilməsini, 123 min dollarının geri qaytarılmasını tələb edir.
Sabiq MTN generalı isə bununla razılaşmır və həbsdən göndərdiyi ərizədə göstərib ki, bu adamı nə tanıyıb, nə də onun həbsinə, yaxud azadlığa buraxılmasına göstəriş verib.
Mövlam Şıxəliyev əlavə edib ki, onun haqqında Bakı Hərbi Məhkəməsində çıxarılmış hökmü qanunsuz sayır və bu barədə Ali Məhkəməyə şikayət verib.
Məhkəmə oktyabrın 28-də Ələddin Əliyevin iddiasının 106 min dollarlıq hissəsini təmin edib. Belə nəticəyə gəlinib ki, o, 17 min dollarlıq brilyant daşlarla bağlı hissəni sübuta yetirməyib. Keçmiş MTN vəzifəlilərinə verildiyi iddia olunan 106 min dollara gəlincə, bu, Bakı Hərbi Məhkəməsinin hökmü ilə də təsdiqlənib. Beləliklə, keçmiş MTN generalının üzərinə zərərçəkmiş Ələddin Əliyevə 106 min dollar təzminat ödəmək öhdəliyi qoyulub. Mövlam Şıxəliyevin işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslər də ona qarşı mülki qaydada iddia qaldırıblar. Onlar  Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan daha 3 nəfər keçmiş MTN polkovnikinin işinə baxılan zaman da zərərçəkənlərin bir qismi dəymiş ziyanın ödənilməsi tələbi ilə mülki iddia qaldırmışdılar.
Hazırda mülki iddiası təmin edilən Ələddin Əliyev və digər zərərçəkənlər məhkəmənin gedişində mülki iddia təqdim etməmişdilər. Məhkəmə yekunlaşandan sonra isə onlar bu hüquqlarından istifadə ediblər.
Mövlam Şıxəliyev 2021-ci ilin aprelindən həbsdədir. Onunla mühakimə olunan 3 nəfər keçmiş MTN polkovniki ötən il sentyabrın 21-də Bakı Hərbi Məhkəməsində hökm oxunarkən, məhkəmə zalında həbs edilib. Hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov 8 il azadlıqdan məhrum ediliblər.
Məhkəmə Mövlam Şıxəliyevin general-mayor, digərlərinin də rütbə və təltiflərinin alınmasına da qərar verib. Bu il iyulun 24-də prezidentin sərəncamıyla onların rütbələri, bir sıra orden və medalları (“Vətənə xidmətə görə”, “Vətən uğrunda” və s.) alınıb.
Cinayət işində toplam 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.
Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmir və deyirlər ki, MTN-də bu işləri özbaşına edə bilməzdilər, axı istintaqa prosessual nəzarət orqanı – prokurorluq var. M.Şıxəliyev və digərləri bildiriblər ki, cinayət işi MTN-in İstintaq Baş İdarəsində başlansa da, qərarı Baş prokuror və onun birinci müavini verirdi. Cinayət işi başlamaq, şəxsin barəsində həbs qətimkan tədbiri seçmək üçün məhkəməyə təqdimat vermək və s. səlahiyyətlər ancaq prokurorluqdadır.
Onların sözlərinə görə, əgər ortada kiminsə qanunsuz həbsi varsa, buna görə prokurorluq, həbs qətimkan tədbiri seçən məhkəmə, saxta rəy verən ekspertiza da məsuliyyət daşımalıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.