Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qızılca və zəlzələ panikası: Məktəblər distant təhsilə keçir?

Qızılca və zəlzələ panikası: Məktəblər distant təhsilə keçir?

Qızılca və zəlzələ panikası: Məktəblər distant təhsilə keçir?
2023-12-07 , 15:11

Bir neçə gündür ki, ölkədə qızılca xəstəliyi sürətlə yayılır. Artıq bu, epidemiya halına gəlib. Məktəblərdə də xəstəliyə yoluxanlar var. Hətta şagirdlər arasında dünyasını dəyişənlər də oldu. Bu gün isə paytaxtda güclü zəlzələ qeydə alınıb. Afterşokların ola biləcəyi ehtimalı ilə bəzi məktəblərdə şagirdlər evə buraxılıb. Qızılca xəstəliyinin sürətlə yayılması və bu gün yaşanan zəlzələ panikasından sonra məktəblər qısa müddətlik distant təhsilə keçə bilərmi?


Bu barədə News24.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirdi ki, bu, hadisələrin gedişatından asılıdır və ehtiyac yaranarsa, qapanmalara gedilə bilər:

"Əgər qızılcaya yoluxma kütləvi hal alarsa, şübhəsiz ki, qapanmalara gediləcək. Hər bir şagirdin sağlamlığı təhsildən də vacibdir. Bəzi valideynlər yoluxmanı əsas gətirərək distant təhsilə keçidi tələb edir. Ancaq distant təhsilə münasibət birmənalı deyil. Valideynlərin bir qismi distant təhsili dəstəkləsə də, digər qisim etiraz edir. Distant təhsil ali təhsil müəssisələri üçün daha optimal variant olsa da, ibtidai sinif şagirdləri üçün o qədər də əlverişli deyil. Ancaq hazırki dövrdə şagirdlərdən məcburi davamiyyət tələb etmək düzgün deyil. Hələki yoluxma kütləvi hal almayıb. Ancaq biz baş verə biləcək fövqəladə vəziyyətə hazırlıqlı olmalıyıq. Burada məktəbin öhdəsinə düşən isə valideynlər arasında təbliğat aparmaq və şagirdlərə peyvənd vurulmasını təmin etməkdir". 

Ekspert məktəblərdə zəlzələ panikasından sonra tədrisə fasilə veriləcəyi iddialarına da aydınlıq gətirdi:

"Əgər zəlzələ güclü olsa, güclü afterşoklar ola bilərdi. Bu gün yaşanan zəlzələ isə o qədər də ciddi deyildi və düşünürəm ki, panikaya düşmək lazım deyil. Bəzi valideynlər təlaşlanaraq övladlarını məktəbə göndərməyəcək. Məktəb rəhbərliyi bu dövrdə şagirdlərin davamiyyətinin aşağı düşməsini anlayışla qarşılamalıdır. Bu panika davam etdikcə, şagirdlərin davamiyyətində problemlər yaşanacaq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.