Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputat: “Bir çox hallarda açıq şəkildə məhkəmə qərarları icra olunmur”  

Deputat: “Bir çox hallarda açıq şəkildə məhkəmə qərarları icra olunmur”  

Deputat: “Bir çox hallarda açıq şəkildə məhkəmə qərarları icra olunmur”  
2024-02-16 , 18:12

Milli Məclisin 16 fevral tarixli iclasında Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.


Deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, bu tipli dəyişikliklər sahəvi qanunvericiliyə aid olsa da, ancaq Prezidentin imzası ilə Milli Məclisə daxil olur:

“Baxmayaraq ki, həm Ali Məhkəmənin, həm Baş Prokurorluğun qanunvericilik təşəbbüsü, hüququ var. Düşünürəm ki, bu tipli təqdimatlar da, yəni düzəlişlər də onlar tərəfindən təqdim olunmalıdır və onlar təqdimatların müzakirəsində yaxından iştirak etməlidirlər, deputatlar tərəfindən yaranacaq suallara cavab verməlidirlər”. 

Q.Həsənquliyev bildirib ki, bu, komitə səvəyyəsində həll olunan məsələ deyil: “Ona görə mən, plenar iclasda qaldırıram ki, müvafiq dövlət orqanlarına Milli Məclisin rəhbərliyi tərəfindən sual verilsin: siz, niyə bunu Prezident Administrasiyasına göndərirsiniz və Prezidentin izması ilə bu düzəlişlər Milli Məclisə daxil olur? Hörmətli Sədr, çox təəssüf ki, Azərbaycanda qanunçuluğun vəziyyəti ilə bağlı ciddi müzakirəyə ehtyac var. Əvvəllər də bu məsələni qaldırmışam. Məhkəmələr tərəfindən həddindən artıq işlərə baxır. Bizdə hakimlərin və vəkillərin sayı hər yüz min nəfərə görə orta Avropa göstəricilərindən dəfələlərə azdır”. Deputat qeyd edib ki, vəziyyətin düzəlməsi istiqamətində radikal addımlar atılmır: “2009-cu ildə cənab Prezident tərəfindən məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi barədə fərman imzalandı, amma hesab edirəm ki bu istiqamətdə bundan sonra da ciddi addımlar atılmalıdır”. 
Q.Həsənquliyev həmçinin əlavə edib ki, məhkəmə qərarlarının icrası ilə bağlı da ölkədə ciddi problemlər var. “Məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət olduqca acınacaqlıdır. Bu barədə bizim insanlarımız məsələ qaldırıb. Bir çox hallarda açıq şəkildə məhkəmə qərarları icra olunmur. Baxmayaraq ki, bunun səbəbi soruşulanda, onlar bunu işlərinin çoxluğu ilə əsaslandırırlar, ona görə çatdıra bilmirlər. Amma həqiqətdə bu, belə deyil. Yəni bu sahədə də ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasına ehtiyac var. Düşünürəm ki, hakimlər qəbul etdikləri qüətnamələrin icrasına birbaşa məsuliyyət daşımalıdırlar. Məhkəmə qərarlarını icra etməyənlər haqqında, elə həmin hakimlərin özü tərəfindən cinayət işləri başlanmalıdır. Bunun üçün də məhkəmə islahatlarının aparılmasına çox böyük ehtiyac var”.

Deputat təqdim olunan 231.3-1-ci maddə ilə bağlı fikirlərini bölüşüb:

“Maddəyə əsasən, müvafiq dövlət orqanlarının nümayəndələri bura dəvət olunmaldırlar ki, misal üçün məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş gün müddətində baxılır. Amma tutaq ki, borclunun ölkədən getməmək hüququnun müvəqqəti məhdudlaşdırması haqqında təqdimata 10 gün ərzində baxılır. Niyə? Yəni 10 gün kifayət qədər böyük müddətdir və borclu ölkədən gedə bilər”-deputat bildirib.

Q.Həsənquliyev qeyd edib ki, inzibati məhkəmələrdə vəziyyət həddindən artıq ağırdır:

“Hakimlər olduqca yükləniblər. İnsanlar aylarla məhkəmə baxışını gözləyirlər. Bu zaman da sözsüz ki, işə keyfiyyətli baxılmasından söhbət gedə bilməz. Çox təəssüf ki, bir çox hallarda məhkəmə qərarlarının icrasının yubadılması mənəvi mühitə, hüquq mədəniyyətinə də mənfi təsir göstərir. Son vaxtlar dələduzluğa görə cinayət işləri artır. Yaxın qohumlar bir-birini aldadır, bəzən yaxın dostlar, biznes şərikləri bir birini aldadırlar. Sanki bu cür davranışlar ictimai əxlaqla pislənməyən bir hərəkətə çevrilib. Qanunçuluğun vəziyyəti ilə bağlı ciddi müzakirələrin aparılmasına görə ehtiyac var”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.