Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Hacı Şahinin yerinə olan təyinat çoxlarının xoşuna gəlməyib”

“Hacı Şahinin yerinə olan təyinat çoxlarının xoşuna gəlməyib”

“Hacı Şahinin yerinə olan təyinat çoxlarının xoşuna gəlməyib”
2024-07-31 , 15:39

2023-cü ilin dekabrın 30-da Məşədi Dadaş məscidinin imamı Əli Şərbətova sui-qəsdə cəhd edilməsi ilə bağlı məlumat yayılıb. Bildirilir ki, həmin tarixdə Elşən Hüseynov adlı şəxs məsciddə Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib. 

 
Hüseynov Elşən Fəxrəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib. 
 
Məşədi Dadaş məscidinin əvvəlki imamı Hacı Şahin Həsənli ötən il martın 2-də ürəktutmadan vəfat edib. Onun əvəzinə Əli Şərbətov Məşədi Dadaş Məscidinə imam təyin edilib. Əli Şərbətov daha əvvəl Saray qəsəbəsindəki “Cümə” məscidinin imam müavini olub. O, 1990-cı illərin əvvəlində Liviya Ərəb Respublikasında, daha sonra Bakı İslam Univesitetində də təhsil alıb.
 
Hadisə ilə bağlı Modern.az-a danışan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda zaman-zaman dini duruma müdaxilə cəhdlərinin şahidi olunur: 
 
“Din məsələsi çox həssas, vacib məsələdir. Bir sıra region və dünya dövlətləri də dindən istifadə edərək müxtəlif dövlətlərin daxili işlərinə müdaxilə etməyə cəhd ediblər”. 
 
Millət vəkili bildirib ki, Məşədi Dadaş əvvəlki dövrdə Hacı Şahinin ətrafında olan insanların toplaşdığı məscid idi: 
 
“Hacı Şahin dünyasını dəyişdikdən sonra buraya dövlət qurumları tətrəfindən başqa bir şəxs imam olaraq təyin olundu. Proseslər göstərirdi ki, bu təyinat çoxlarının xoşuna gəlməyib. Məşədi Dadaş Məscidi strateji məscid idi və əsas baza hesab olunurdu. Ona görə də onlar bu məsələ ilə heç cür barışmaq istəmirdilər. Biz bunu zaman-zaman görürdük. Dövlət qurumları bu məsələni diqqətdə saxlayırdılar”. 
 
C.Məmmədovun sözlərinə görə, hər kəs bilməlidir ki, Azərbaycan hüquq mühafizə orqanları bu kimi halların qarşısını alacaq: 
 
“Necə ki, biz bunu Fazil Mustafaya qarşı edilən sui-qəsd cəhdində də gördük. Azərbaycan dövlət qurumları ölkəmizin təhlükəsizliyi ilə bağlı bütün tədbirlərə nəzarəti təmin edirlər və hər zaman da edəcəklər. Ona görə də vətəndaşlarımıza belə yanlış yollara addım atmamağı tövsiyə edirik. Bu faktın aşkarlanması da dövlətimizin gücünü, hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığını göstərir. Heç kim Azərbaycanda sabitliyi poza bilməz. Dövlət bütün proseslərə nəzarət edir. Belə cəhdlərin qarşısı hər zaman alınacaq”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.