Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ramzan Kadırov hazırda haradadır?

Ramzan Kadırov hazırda haradadır?

Ramzan Kadırov hazırda haradadır?
2023-09-18 , 12:37

Məlum olduğu kimi, son günlər sosial şəbəkələrdə və teleqram kanallarında Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin qəfil pisləşməsi və hətta dünyasını dəyişməsi barədə məlumatlar yayılıb. Dünən isə Kadırov öz teleqram kanalında video paylaşaraq sözügedən məlumatları təkzib edib. Videonun Qroznı şəhərində çəkildiyi bildirilir.

Yenilik.az xəbər verir ki, Rusiyanın “Вёрстка” nəşri isə Kadırovun hazırda Moskvada olduğunu iddia edib.
Nəşrin məlumatına görə, Kadırova məxsus təyyarə sentyabrın əvvəlindən 3 dəfə Moskvaya uçuş həyata keçirib: “Böyük ehtimalla, Çeçenistan rəhbəri hazırda Moskvadadır. “RA-73417” nömrəli təyyarə sentyabrın 6 və 9-u Moskvada yerə enib. Sonuncu dəfə isə təyyarə Qroznıdan Moskva istiqamətində sentyabrın 15-i uçub və həmin tarixdən bu günə qədər Çeçenistana qayıtmayıb”.
Qeyd olunur ki, son zamanlar mediada Kadırovun səhhətinin pisləşməsi və onun Moskvada Mərkəzi Klinik Xəstəxanada müalicə alması barədə yayılan məlumatlar fonunda təyyarənin hərəkəti maraq doğurub. Rusiyanın bəzi teleqram kanallarında yayılan məlumata görə isə, sentyabrın 17-si  səhər saatlarından Mərkəzi Klinik Xəstəxanaya çeçen dövlət nömrə nişanlı avtomobillər gəlir və onlar əraziyə yoxlanılmadan buraxılır. Məlumat rəsmi olaraq təsdiq olunmayıb.
Xatırladaq ki, ilin əvvəlindən mediada 46 yaşlı Ramzan Kadırovun səhhətinin pis olması ilə bağlı məlumatlar yayılır. Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi iddia edilsə də, Kadırov bu barədə məlumatları təkzib edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.