Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Əvvəlcə zəhərlədi, ölmədiyini görüb boğdu: Azyaşlı körpəsini qəddarlıqla öldürən qadını neçə il həbs gözləyir?

Əvvəlcə zəhərlədi, ölmədiyini görüb boğdu: Azyaşlı körpəsini qəddarlıqla öldürən qadını neçə il həbs gözləyir?

Əvvəlcə zəhərlədi, ölmədiyini görüb boğdu: Azyaşlı körpəsini qəddarlıqla öldürən qadını neçə il həbs gözləyir?
2023-04-11 , 17:08

Bakıda 1 yaşlı körpəsini zəhərləyəndən sonra boğaraq öldürən qadının cinayəti ictimaiyyətdə rezonans doğurub. Köməksiz vəziyyətdə olan körpəyə qarşı qəddarlıqla qətl törədən 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın ən ağır cəza ilə cəzalandırılması tələb edilir. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib. Məlum olub ki, Nərgiz Bağıyeva özünə daha çox vaxt ayırmaq üçün uşağını öldürmək qərarına gəlib.
O, azyaşlının yeməyinə zəhər qatıb və uşağın ölməsi üçün evdən çıxıb. Nərgiz Bağıyeva geri qayıdanda körpənin ağzından köpük gəldiyini, lakin ölmədiyini görüb. Bundan sonra uşağı boğaraq öldürüb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib. 
Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.media-ya açıqlamasında təcrübəsində belə bir qatı cinayətə rast gəlmədiyini bildirib:
“Amma ağır maddələrlə ittiham olunur və bu maddələr məhkəmə praktikasında tətbiq olunub. İndidən məhkəməni qabaqlamaq istəmirəm. Amma sözügedən maddələrlə qadını 18, maksimum 20 il həbs cəzası gözləyir.
Qətli törədən kişi olsa idi, ona ömürlük həbs cəzası verilmə ehtimalı da ola bilərdi. Bilirsiniz ki, qanuna görə qadınlara ömürlük həbs cəzası verilmir”. 
Vəkilin sözlərinə görə, ümumiyyətlə, uşağına qarşı deyil, digər şəxsə qarşı belə qəddar hərəkət psixi pozuntudan xəbər verir:
“Görünür, o qadının özü də narkotik aludəçisi olub. Çünki qeyri-adekvat hərəkətlər edib. Əslində bu məsələdə qadının yaşayış tərzi və ətrafın ona münasibəti də ictimai qınağa səbəb olmalıdır. Uşaq evində böyüyənlərin ola bilsin ki, 1-5 faizi kriminal aləmə düşür. Ancaq böyük hissəsi zəhmətkeş olur və çalışırlar ki, öz həyatlarını qursunlar.
Yəni uşaq evində böyümək, gələcəkdə mütləq kriminal aləmdə olacaq anlamına gəlmir. Qadın hansı mühitə düşübsə və kimlərlə oturub-durubsa, onların təsiri olub. Çox güman ki, narkotik aludəçilərinin əhatəsinə düşüb və nəticə də belə, olub”, - deyə Əsabəli Mustafayev əlavə edib.  
Xatırladaq ki, Nərgiz Bağıyevanın ata-anası sağ olsalar da, onun uşaq evində böyüdüyü məlum olub. 
Proses iyunun 12-də davam edəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.