Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Təhsil eksperti Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavabları belə ötürürmüş

Təhsil eksperti Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavabları belə ötürürmüş

Təhsil eksperti Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavabları belə ötürürmüş
2025-12-12 , 21:31

Təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.

Yenilik.az qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.
Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.
Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.
Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.
Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.
Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Hazırda cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb.
Əsas iclas dekabrın 15-də keçiriləcək.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.

Bundan əvvəl də Kamran Əsədovun adı qanunsuz əməldə hallanıb. Belə ki, 2014-cü ildə Baş Prokurorluqdan musavat.com-a verilən məlumata görə, özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı kimi təqdim edən Bakı Dövlət Universitetində saat hesabı ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımı bal toplamayaraq ikinci tura qalmış Bakı şəhər sakininin övladını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3000 manat pul tələb etmiş və həmin puldan ilkin olaraq 500 manat alıb. Bundan sonra abituriyent ikinci turda topladığı bal hesabına obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq K.Əsədov guya qəbula kömək etdiyini təkid etməklə həmin şəxsdən 2 min 500 manat məbləğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət başında yaxalanıb. Baxış zamanı K.Əsədovun üstündən 2 min 500 manat məbləğində nağd pul aşkar edilərək götürülüb. 
Faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Kamran Əsədov bir neçə gün əvvəl Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri seçilib. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinə 17 məktəb, 3 lisey, 1 Gimnaziya,1 kompleks,1 mərkəz, 1 təhsil muzeyi, 1 peşə təhsil agentliyi, 1 internat , 1 peşə,1 xüsusi əyani -qiyabi məktəbi və 27 uşaq bağçası və körpələr evi ilk həmkarlar ittifaqı komitələri olmaqla ümumilikdə 55 üzv təşkilat daxildir.
Bundan başqa Kamran Əsədov bir neçə ildir ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru kimi fəaliyyət göstərir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.