Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Mələkxanım heç mənə tərəf baxmadı...“ - Bazarda işləyən müğənni + VİDEO

“Mələkxanım heç mənə tərəf baxmadı...“ - Bazarda işləyən müğənni + VİDEO

“Mələkxanım heç mənə tərəf baxmadı...“ - Bazarda işləyən müğənni + VİDEO
2024-03-14 , 19:15

"Mənim həmişə səsim olub. 24-25 yaşımda həyat yoldaşımdan ayrıldım. Qohum-əqraba mənə çox basqı etdi ki, ayrılma. Ona görə mən qohumların 50 faizini itirdim. Düşündüm ki, oxumağa başlasam onları tamamilə itirərəm. Mən də tək, kimsəsiz qız idim. Bir kasıb qardaşım var idi. İllər keçəndən sonra gəlib meyvə-tərəvəz satılan topdan satış yerində işlədim. Kartof təmizləyəndə bir mahnı oxumuşdum. Uşaqlar çəkib "Tik-Tok"a yerləşdirmişdilər. Video internetə yüklənəndən 3 gün sonra bütün sosial şəbəkələrdə məşhurlaşdım. Məni efirə dəvət etdilər".

Yenilik.az xəbər verir ki, bunu "Moderator.az"a bazarda kartof təmizləyərkən oxuduğu ifaları ilə məşhurlaşan Elnarə Vahidova deyib.
O daha sonra məşhurluğun ona pul qazandırmadığını deyib.
"Tanınmaq mənə yetmədi, o gün, bu gün işimi də itirdim. 4-5 ay efirdə olduğum üçün meyvə-tərəvəz yerinə başqasını işə götürdülər. Məşhurluğumdan zərbə aldım, pul qazanmadım, toylarım olmadı. Mən istərdim ki, yenidən efirə qayıdanda Zaur Baxşəliyevin verilişinə gedim. Çünki məni, bu fəhlə qadını camaata tanıdan Zaur Baxşəliyev olub. Təəssüf ki, əlim çörəyə çatmadı. Bu gün şəhərə gedim, metroya minim, 5 adamdan 3-ü mənimlə şəkil çəkdirmək istəyəcək. Amma deyin görək, mən evdə otursam metroya verəcək pulu tapa bilirəm?! Əlbəttə ki, yox! Yenə də köhnə işimə qayıtdım. Bu günlərdə "Salam mənim cavanlığımın oğrusu" mahnısını ifa etdim. Bu mahnı məni yenidən kütləyə tanıtdı. Fəhlə işləyirəm, qışın soyuğunda betonun üstündə, istidə asfaltın üstündə oluram. İşim meyvə-tərəvəz çeşidləməkdir. Yaxşı bir müəllim istəyirəm ki, mənə toy repertuarını öyrətsin, toylara gedim. Bu bəlkə də bir çoxlarının əlində heç nədir, amma dəstək görmürəm. Təkcə Eldar Ələkbərov mənə yaxşılıq etdi. Mənimlə duet oxudu, bir neçə efirdə qonaq olduq. Mahnıları yalnız qulaq asmaqla öyrənirəm. Çox əziyyət çəkirəm. O qədər köməyə ehtiyacım var ki", - deyə Elnarə Vahidova bildirib.
Elnarə Vahidova qeyd edib ki, bir neçə sənətkarımızdan dəstək istəsə də, həmin şəxslər ona köməklik etməyib.
"Mənim Xalq artisti Alim Qasımova böyük hörmətim var. Şamaxı-Şirvan məktəbinin ağsaqqalıdır. Onunla görüşdüm. Dedi ki, mən toylara getmirəm, toya getsəm, sən bir bayatı oxusan, səni dünya tanıyar. Bir neçə il bundan əvvəl Nazpəri Dostəliyeva və Mələkxanım Əyyubova ilə görüşmək üçün bir musiqi məktəbinə getdim. Nazpəri xanım orada yox idi. Bir mahnı oxudum, Xalq artisti Canəli Əkbərov içəridən gəldi. Dedi ki, nə gözəl səsdir! Mələkxanım Əyyubova heç mənə tərəf baxmadı da. Maraqlanmadı ki, bu oxuyan kimdir?! Elnarə Abdullayeva ilə də görüşmüşəm. Şamaxıdan müğənni Mütəllim də yanında idi. Mütəllim dedi ki, "Elnarə, bu səndən də yaxşı oxuyur, məndən də". Mənə kömək etmək əvəzinə dedi ki, "get 300 manat tap ver bir müəllimə sənə hərfləri öyrətsin". Elnarə deyərdi ki, "gəl 300 manat verib, səni müəllim yanına aparacam". Ən azından bunu edə bilərdi Elnarə! Heç biri mənə dəstək olmayıb. Hətta əməliyyatım üçün Elnarə Abdullayevdan 150 manat pul istədim, vermədi. Halbuki 500 manat düzəltmişdim, 150 manat çatmırdı. Bu gün Şamaxı musiqi məktəbinin heç bir yetirməsi mənə dəstək olmayıb. Biri qabağa durub, deməyib ki, bu xanıma müəllim tutaq. Həmin sənətçilərə görə şamaxılı olmaqdan doydum!" deyə müsahibimiz bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.