Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Jurnalist, yoxsa mitinq iştirakçısı?

Jurnalist, yoxsa mitinq iştirakçısı?

Jurnalist, yoxsa mitinq iştirakçısı?
2024-01-23 , 00:05

Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq hüququ tam təmin edilir. Aksiya keçirməyə yer ayrılması proseduru çox sadədir. Bunun üçün müvafiq icra hakimiyyətinə müraciət ünvanlanır. Müraciətə baxılması zamanı vətəndaşların rahatlığını pozmamaq, narahatlıq yaratmamaq əsas götürülür. Belə hal ehtimal edilirsə, təklif olunan ərazidə mitinq keçirməyə razılıq verilmir. Doğrudur, əvvəllər şəhərin mərkəzində, mərkəzə yaxın ərazilərdə razılaşdırılmış və ya razılaşdırılmamış mitinqlər keçirilib. Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların rahatlığının təmin edilməsini əsas götürərək, mitinqlərin keçirilməsi üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasını məqsədəuyğun hesab etdi. Bu, həm də mitinq iştirakçılarının təhlükəsizliyi üçün önəmlidir.

Aksiyada peşəsini unudan
Buna baxmayaraq, elə ötən gün paytaxtın "Nəriman Nərimanov" metrostansiyası yaxınlığında razılaşdırılmamış aksiya keçirilib. Təbii ki, belə olan halda, polis aksiyanın keçirilməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir. Burada diqqətçəkən məqam bəzi jurnalistlərin, o cümlədən Gülnaz Qəmbərlinin mitinq iştirakçısı kimi davranmasıdır. Bu, yolverilməzdir, media nümayəndəsi tərəf olmamalıdır. Jurnalistin işi qıcıq yaratmadan, polisin işinə mane olmadan informasiyanı əldə etmək və çatdırmaqdır. Gülnaz Qəmbərli qıcıq yaradacaq tonda polisə deyir ki, sən öz işini, mən də öz işimi görürəm, bir-birimizə mane olmayaq, yoxsa qan töküləcək. Bu nə ritorikadır? Məgər döyüş meydanındasınız? Üstəlik də əynində "press-jilet" yoxdur, əslində polis onu ərazidən kənarlaşdırmalı idi. Aydın görünür ki, polis əməkdaşları dözümlülük nümayiş etdiriblər.
 
Sizin işiniz informasiya əldə etməkdirsə, polislə "döyüşmək" yersizdir. Əslində belə məqamlarda jurnalistin ən yaxın dostu polis olmalıdır, çünki təhlükəsizlik tədbirləri görür. Mitinqə qatılmaq istəyirsinizsə, "press-jileti" çıxarın, sadə vətəndaş kimi iştirak edin, polis də ona uyğun davransın. Bir daha vurğulayırıq: Aksiya razılaşdırılmayıbsa, qarşısı alınır. Əvvəllər bu cür hallar daha çox müşahidə olunurdu. Bəzi jurnalistlər həm də "meydan oyunçuları" kimi ortaya çıxırdılar. Ərazidə iştirakçıdan çox "jurnalist" olurdu... Sonra da mövzu günlərlə müzakirə olunurdu. Belə demək mümkündürsə, bu, mitinq təşkilatçılarına daha çox sərf edirdi. Jurnalistlərdən qalxan kimi istifadə edib, öz niyyətlərini həyata keçirirdilər. Hər partiya sədrinin ətrafında 5-10 "press-jilet" geyinmiş şəxs olurdu. Pafosla "Baxın, jurnalistlərlə kobud davranılır" kimi çıxışlar edirdilər. Təbii ki, beynəlxalq təşkilatlar da fürsət axtarırmış kimi prosesə qoşulurdular: Azərbaycanda söz və mətbuat azadlığı basqı altındadır və s... Əslində isə işin mahiyyəti tamamilə başqa idi. Dünya ölkələrini misal çəkirlər. Hansı inkişaf etmiş ölkədə jurnalist "meydan oyunçusu" kimi davranır ki? Axı həmin dövlətlərdə belə hallar müşahidə edilmir, edilirsə belə, müvafiq tədbir görülür.
 
Son illər mediada həyata keçirilən islahatlar bu sahədə neqativləri aradan qaldırdı. Yeni qanun - "Media haqqında" qanun qəbul edilib, sənəd müasir dövrün tələblərinə tam cavab verir. Amma orada "jurnalist mitinq iştirakçısı kimi də davrana bilər" cümləsi yoxdur. Hörmətli həmkarlar, bunu mütləq nəzərə almaq lazımdır. Bizə aid olan qanuna ilk növbədə elə özümüz əməl etməliyik. Kimlərsə, köhnə ab-havada qalıblarsa, bu, onların günahıdır. 
 
Kənan Mirzəyev/Pravda.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.