Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Süni mayalanma günah deyil - İlahiyyatçıdan Siyavuş Novruzova cavab

Süni mayalanma günah deyil - İlahiyyatçıdan Siyavuş Novruzova cavab

Süni mayalanma günah deyil - İlahiyyatçıdan Siyavuş Novruzova cavab
2023-06-15 , 15:01

Milli Məclisin ötən iclasında “Reproduktiv sağlamlıq haqqında qanun” layihəsi yenidən gündəmə gətirilib. Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ölkədə övlad sahibi olmayan ailələrin sayının çoxaldığını deyərək, belə bir qanunun qəbul olunmasının vacibliyini diqqətə çatdırıb. 

"Bununla əlaqədar neçə ailə dağılır. Ona görə də biz ən azı payız sessiyasında “Reproduktiv sağlamlıq haqqında qanun” layihəsini qəbul etməliyik. Tibbi sığorta ilə övladı olmayanlara dəstək olunmalıdır. Türkiyədə belə bir təcrübə var. Amma bizdə dəstək göstərilmir. Bizim ölkədə edilən əməliyyatlar çox vəsait tələb edir. Ona görə də ailələr ciddi problemlərlə qarşılaşırlar. Bu məsələnin payız sessiyasında həll olunması arzuolunandır”, - komitə sədri deyib.
Deputat Rəşad Mahmudov isə dövlət büdcəsindən süni mayalanma üçün vəsaitin ayrılmasını təklif edib. O bildirib ki, Azərbaycanda övlad sahibi olmaq istəyən, amma imkanı olmayan şəxslər var.
“Bu məsələ qaldırılanda “Reproduktiv sağlamlıq” haqqında qanun layihəsinin qəbul olunması təklif edilir. Amma bildirim ki, qanun olmadan da problemi həll edə bilərik. Uşaq sahibi olmaq insanın fiziki, əqli sağlamlığı cəhətdən dövlətin nəzarətində olmalıdır. Ona görə də gələn ilin dövlət büdcəsində buna maliyyə yardımının ayrılmasını təklif edirəm. Süni mayalanma ilə əlaqədar dövlət büdcəsindən ayrılan vəsait 1 milyon manatdan çox deyil. Ona görə də bu məsələyə diqqət yetirilməlidir”,- deyə deputat vurğulayb.
Digər deputat Siyavuş Novruzov isə süni mayalanmaya qarşı olduğunu bəyan edib. O, hesab edir ki, “Reproduktiv sağlamlıq” haqqında qanun layihəsinin qəbulu mənasızdır. Çünki "bizim milli mentalitetimizə uyğun deyil".
“Mən beş il ərzində Milli Məclisdə Dini komitənin sədri olduğum zaman imkan vermədim ki, o qanun layihəsi plenar iclasa tövsiyə olunsun. Mən məsələyə başqa mövqedən baxıram. Süni mayalanma ilə uşaq dünyaya gətirmək olmaz. Allah qismət etməyibsə, onun əleyhinə getmək olmaz. Ona görə də bu qanunu qəbul etməyin mənası yoxdur”, - deyə Novruzov qalmaqallı fikirlər səsləndirib.
YAP-çı deputatın radikal çıxışı birmənalı qarşılanmayıb. Sosial şəkəbələrdə açılan müzakirələrdə Siyavuş Novruzovun dinlə bağlı biliyinin yetərli olmadığı bildirilib və onun barəsində tənqidi rəylər yazılıb.
Bəs dini baxımdan süni mayalanma günahdır?
Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov dində süni mayalanmaya müəyyən şərtlər əsasında icazə verildiyini bildirib.
“Dində süni mayalanma günah deyil. Amma dində süni mayalanmaya müəyyən şərtlərlə icazə verilir. Əgər anadan və ya atadan asılı səbəblərlə övladın təbii yolla dünyaya gəlməsində hər hansı problem, yaxud əngəl olarsa, belə halda onların süni mayalanma ilə övlad sahibi olmasına müəyyən şərtlə icazə verilir. Bu şərt ondan ibarətdir ki, istər yumurta hüceyrəsi, istərsə də sperma yalnız ata və anaya aid olmalıdır. Əgər mayalanma prosesi rəhmdə olmursa, onun rəhm xaricində mayalandırılmasına eyni ata, anadan olması şərtilə icazə verilir. Buraya başqa yumurta hüceyrəsinin, yaxud nigahsız birinin spermasının qarışmasına icazə yoxdur. Bu prosesdə ata və ananın rüşeyminin əmələ gəlməsi üçün lazımi şeylərin, yəni yumurta hüceyrə və spermanın özlərinə aid olması şərti mütləqdir. Bu halda onun rəhmdə yox, rəhm xaricində mayalandırılıb rəhmə yerləşdirilməsinə din tam icazə verir. Burada heç bir problem yoxdur. Dinin qadağa etdiyi yalnız bir şərt var ki, o da mayalanmanının ata, yaxud ana xaricində kiməsə aid olmasıdır”, - deyə ilahiyyatçı qeyd edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.