Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Elza Seyidcahan cızmaqaraları ilə uğur qazana bilməz - Deputat

Elza Seyidcahan cızmaqaraları ilə uğur qazana bilməz - Deputat

Elza Seyidcahan cızmaqaraları ilə uğur qazana bilməz - Deputat
2023-07-05 , 14:58

“Elza Seyidcahanın şeirlərini dinləmişəm, tamamilə şeiriyyatdən uzaqdır. Çox təəssüf edirəm ki, bu gün Seyidcahanın müdafiəsinə qalxan insanlar var. Düzdür, müdafiə etmək lazımdır. Elza Seyidcahanın haqqıdır ki, Azərbaycan Yazıçılar Birliyinə üzv olsun. Onun bir bəstəkar, müğənni kimi xidmətləri var, bu, inkar olunan deyil, Azərbaycan cəmiyyətində müəyyən qaydada öz mahnılarına, ifalarına görə hörmət qazanıb. Amma Elza Seyidcahan şeiriyyatdən tamamilə uzaqdır".

Yenilik.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı, AYB-nin üzvü Tahir Rzayev deyib.
O əlavə edib: "Şeirlərində istifadə etdiyi uyğun olmayan ifadələr, sözsüz ki, cəmiyyət arasında ikrah hissi doğurur. Ona görə də insanlar Elza xanımın AYB-yə üzv olmasına bu cür mövqe bildirirlər. Poeziya yaxşı şeyləri təbliğ etməlidir, E.Seyidcahanın şeirlərində isə bu yoxdur. Bəstəkar, müğənni kimi dəyərləndiriləsi, seviləsi cəhətləri çoxdur, amma məsləhət görürəm ki, poeziyadan uzaqlaşsın, öz işi ilə məşğul olsun”.

Deputat bildirib ki, E.Seyidcahan AYB-yə üzv olmaq üçün müəyyən prosedur qaydalara əməl edibsə, qoy üzv olsun: “AYB-nin üzvlərinin artmasının heç bir ziyanı yoxdur. Elza Seyidcahan da Azərbaycan vətəndaşıdır, sənət adamıdır. İstəyirsə, AYB-də ola bilər. Lakin yaxşı olar, yad ifadələrdən, bizə uyğun gəlməyən, milli-mənəvi dəyərlərimizə ziyan verən ifadələrdən uzaq olsun.
Bəziləri Elza Seyidcahanın şeirlərinin cəmiyyətdə gülüş doğurmasını Mirzə Ələkbər Sabirlə, böyük mütəfəkkirlərimizlə müqayisə edirlər. Deyirlər ki, Sabirin də şeirləri gülüş doğururdu, Elza Seyidcahanın da. Bu, tamamən təzadlı fikirlərdir. Belə fikirlər səsləndirmək olmaz. Gülüş doğuran satira, yumor tamam başqa şeydir. Bunlar bilavasitə cəmiyyətin xeyri üçündür. Sabirin “Fəhlə, sən də özünü bir insanmı sanırsan?" sözləri cəmiyyəti qamçılamaq üçündür. Ancaq bu gün Elza xanımın şeirlərində tamamən insanlığa yad fikirlər varsa, qəbuledilməzdir. Axı Elza xanım şair deyil. Yaxşı olar ki, öz yolunu davam etdirsin, elə daha böyük uğurlar qazanar. Cızmaqaraları ilə poeziyada uğur qazana bilməz. Bu, onun qazandığı hörmətə xələl gətirə bilər. Yazılan şərhlərdə də bu özünü göstərir.
Anar müəllimə də, Çingiz Abdullayevə də  böyük hörmətim var. Əgər Elza Seyidcahanı doğrudan da məsləhət bilib, AYB-yə qəbul ediblərsə, müəyyən prosedurların yerinə yetirilməsinə, yaxud Seyidcahanın xahişlərinə əsaslanıblar. Elza xanımın AYB-yə gəlməsi heç də AYB-nin hörmətinə, oradakı ziyalıların, ruhları şad olsun - vaxtilə orada işləmiş insanların yaradıcılığına, qazandıqları hörmətə heç bir təsir göstərə bilməz.
İndi dünyada elə bayağı şeylər yazanlar var ki, ən yüksək titullara layiq görülürlər, yazıları cəmiyyətdə qəbul olunur. Elə yazanların da oxucuları var, ağıllı adamların, ağıllı poeziyanın da. Məsləhət görürəm, Elza xanım bundan sonra şeirlərini cəmiyyətin rəyinə, milli-mənəvi dəyərlərinə hörmət mənasında nizamlasın”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.