Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İsveçrə Gülnarə Kərimovaya qarşı ittiham irəli sürüb – 806 milyon avro...

İsveçrə Gülnarə Kərimovaya qarşı ittiham irəli sürüb – 806 milyon avro...

İsveçrə Gülnarə Kərimovaya qarşı ittiham irəli sürüb – 806 milyon avro...
2023-09-29 , 12:53

İsveçrə Federal Prokurorluğu Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın işi üzrə ittihamları məhkəməyə göndərib. O, cinayət təşkilatında iştirakda, xarici məmurlara rüşvət verməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.

Musavat.com Podrobno.uz-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı, sentyabrın 28-də İsveçrənin nəzarət orqanı məlumat yayıb.
İttihama görə, Kərimova və Rusiyanın telekommunikasiya şirkətinin keçmiş icraçı direktoru həm İsveçrədə, həm də digər ölkələrdə fəaliyyət göstərən cinayətkar təşkilatın üzvləri olublar.
Prokurorluğun məlumatına görə, ən azı 2001-ci ildən 2013-cü ilə qədər Kərimova onlarla insanın və çoxlu şirkətlərin daxil olduğu “Ofis” adlı cinayət təşkilatı yaradıb və ona rəhbərlik edib. Özbəkistanda telekommunikasiya sahəsinə daxil olmaq istəyən xarici təşkilatlar Kərimova ilə əlaqəli şirkətlərə rüşvət verməli olublar. İttihama görə, təşkilat 2005-ci ildən İsveçrədə fəaliyyət göstərib.
İsveçrə Federal Prokurorluğu tərəfindən araşdırma 2012-ci ildə başlayıb. İstintaq zamanı daşınmaz əmlak, nağd pul və zinət əşyaları da daxil olmaqla 780 milyon İsveçrə frankı (806 milyon avro) dəyərində aktivlər müsadirə edilib.
Oxşar ittihamlar Kərimovaya qarşı Böyük Britaniyada da səslənib. Ölkə hakimiyyəti onun dəyəri 20 milyon funt sterlinqdən çox olan əmlakını - Londonun Belqraviya bölgəsindəki iki mənzilini və Surreydəki malikanəsini müsadirə edib. London məhkəməsi belə qənaətə gəlib ki, bütün bu əmlak cinayət yolu ilə əldə edilən gəlirlə, daha doğrusu, telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına daxil olmaqda köməklik məqsədilə rüşvət hesabına əldə edilib. Britaniya hakimiyyəti Gülnarə Kərimovanın iki mənzilini və malikanəsini müsadirə edib.
Gülnarə Kərimovanın İsveçrə, Fransa, ABŞ və bir sıra digər ölkələrdəki aktivlərinin ümumi məbləği təxminən 1,4 milyard dollar qiymətləndirilir. 2015-ci ilin avqustunda Kərimova Özbəkistanda hədə-qorxu ilə pul tələb etməkdə və vergidən yayınmaqda təqsirli bilinib, 2017-ci ildə isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib, sonra isə bu müddəti 13 il 4 aya qədər artırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.