Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “...Sülh bizə heç dünəndən lazım deyil”

“...Sülh bizə heç dünəndən lazım deyil”

“...Sülh bizə heç dünəndən lazım deyil”
2023-11-03 , 16:28

Qarabağdan Ermənistana qaçan separatçılar yenidən fəaliyyətə başlamağa, Azərbaycana qarşı separatizmi davam etdirməyə hazırlaşır. Qondarma rejimi ləğv edən separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan İrəvanda bu qərarından imtina edəndən sonra “gələcəkdə nə etmək” haqda müzakirələrə başlayıb.

Azərbaycan separatçıların İrəvanda anti-Azərbaycan fəaliyyətinə qarşı hansı addımlar ata bilərmi? Separatçıların bu cür toplantılar və müzakirələr keçirməsinə İrəvanda şərait yaradılması Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına zərbədirmi?
Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Qarabağda mövcud olmuş separatçı rejimin tör-töküntüləri Ermənistan paytaxtında bir araya gəlib bundan sonrakı fəaliyyətlərini necə aparmaq barədə müzakirələr keçiriblər: “Detallar bəlli olmasa da görüş barədə artıq ilkin informasiyalar yayılıb. Məlum olur ki, indi onları düşündürən əsas məsələ separatçı rejimin buraxılması ilə bağlı verdikləri qərardan imtina etmək, bu qərarın "səhv olduğunu" və bundan sonra hansı addımların atılması məsələsini müzakirə etmək istəyirlər. Onlar Qarabağdan köçmüş ermənilərin geri qayıtması məsələsi ətrafında da müzakirələr aparıblar. Belə bir yekdil mövqe ortaya qoymağa çalışıblar ki, heç bir halda geri qayıdan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməməlidirlər, Qarabağda yaşayacaq ermənilər üçün xüsusi status müəyyən edilməlidir və ya beynəlxalq zəmanət altında onlar öz yaşamlarını davam etdirməlidirlər. Beləliklə, aydın göründü ki, ermənilər yenə də xülyalarla yaşamağa başlayırlar. Eyni zamanda bu addımları ilə çalışırlar ki, özlərinin mövcudluğunu guya isbatlasınlar. Bu gün onlar özlərinə “lazımlılıq əmsalı” əldə etmək istəyirlər. Çünki  Ermənistan hökuməti o separatçı tör-töküntülərinə maaş vermir. Ona görə də “mühacir hökuməti” adı altında öz “fəaliyyətlərini” qurmaqla xarici ölkələrdən, erməni diaspor və lobbi təşkilatlarından vəsait almaq istəyirlər. Şübhəsiz ki, bu davranış öz-özünə yaranmayıb. Avropa İttifaqının Fransa və digər bir neçə ölkəsi Ermənistanda mülki missiyasını həyata keçirir. Avropa İttifaqı parlamentariləri İrəvanda separatçılarla görüşlər keçirirlər. Bu da onu göstərir ki, onlar separatizmin yanındadır və separatçıları ruhlandırırlar. Bütün bu reallıqları nəzərə alıb Azərbaycan parlamenti Avropa parlamentarilərinin Ermənistanda separatçılarla görüşməsini kəskin tənqid eləyən bəyanatla çıxış eləyib, Azərbaycan tərəfinin separatçıların ruhlandırılması kimi çirkin addımlara qarşı addımlar atacağı bəyan edilib".

Deputat vurğuladı ki, separatçı tör-töküntülərinin Ermənistanda fəallaşması, toplantılar keçirməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün çox ciddi təhdiddir. Bunun isə məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür: “Baş nazir Nikol Paşinyan bir tərəfdən sülh sazişini imzalamağa hazır olduğundan bəhs edir, o biri tərəfdən separatçıların Ermənistan ərazisində fəaliyyət göstərməsinə, Azərbaycana qarşı fəaliyyətə keçməsinə göz yumur. Bu, qəbuledilməz yanaşmadır. Ona görə də proseslərin bundan sonrakı inkişafına görə məsuliyyət Ermənistanın baş naziri Nikol Paşinyanın, Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşəcək. Əgər Ermənistan hökuməti separatçıların fəaliyyəti üçün şərait yaradacaqsa, onları ofislə təmin edəcəksə, maliyyələşdirəcəksə və beləliklə, anti-Azərbaycan fəaliyyətinə dəstək vermiş olacaqsa, onda sülhdən söhbət gedə bilər. Əgər Ermənistana sülh lazım deyilsə, bizə dünəndən lazım deyil. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, biz sülh istəyirik, lakin Ermənistana lazım deyilsə, bizə də lazım deyil, Ermənistan düşdüyü labirintin içində nə qədər istəyir çabalasın”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.