Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Psixoloqdan etnoqraf-tarixçinin iddialarına cavab:“İndiki gənclərin təcrübəsi yengədən daha çox…”

Psixoloqdan etnoqraf-tarixçinin iddialarına cavab:“İndiki gənclərin təcrübəsi yengədən daha çox…”

Psixoloqdan etnoqraf-tarixçinin iddialarına cavab:“İndiki gənclərin təcrübəsi yengədən daha çox…”
2023-12-14 , 17:47

Etnoqraf-tarixçi Təvəkkül Səlimovun yengə və yengəlik haqqında açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Söylədiyi fikirlərə görə onu geridəqalmış, köhnəfikirli adlandırıb tənqid edənlər də, “ağsaqqal düz deyir”, – söyləyib haqq qazandıranlar da var. Xatırladaq ki, T.Səlimov yengə haqqında 10 səhifəlik elmi məqalə yazdığını dilə gətirərək, yengəliyin çox lazımlı iş olduğunu bildirmişdi. Etnoqraf-tarixçinin sözlərinə görə, Azərbaycan nikah-toy ənənəsində yengə qədər məsuliyyətli, səlahiyyətli başqa bir söz yoxdur. O iddia edib ki, yengə bütün xalqlarda var, sadəcə, müxtəlif xalqlarda adı başqadır, funksiyası isə eynidir. “Yengə gəlinə bütün ev məsələləri ilə bağlı tövsiyələr verir, yol göstərir, bu, çox lazımlı işdir. Heç bilmirəm bu gün gəlinlə bəy yengə ilə gedir, ya getmir. İndi gəlinlərin bəziləri ev yiyəsi ola bilmirlər. Qızlar da, oğlanlar da internetin burasından girib, orasından çıxırlar, nə olsun? Gəl gör ki, ailə məsələlərində naşılıq göstərirlər…”, – deyə T.Səlimov fikrini yekunlaşdırıb.

Medianews.az Etnoqraf-tarixçinin cəmiyyətdə müzakirələrə yol açan fikirlərinə psixoloqun münasibətini öyrənib.
“Ömrün son dalğasında istədiyi rəğbəti görə bilmədiyi üçün təəssüf edib”
Psixoloq Əfsanə Rüstəmova açıqlamasında bildirib ki, etnoqraf-tarixçi T.Səlimovun yengə ilə bağlı gəldiyi qənaət və səsləndirdiyi fikirlər zamanla ayaqlaşmır: “Bu tip insanlar yəqin ki, elektron kitaba da pis baxar, onu qəbul etməzlər. Yaxud həkimə getmək də onlar üçün uyğun variant olmaz. Həkimə getməkdənsə, daha çox öz aralarında, yəni öncəki təcrübələrinə əsaslanaraq, türkəçarə yolu ilə hansısa sağlamlıq problemini həll etməyə çalışırlar. Ümumiyyətlə, bu cür insanlar üçün hansısa bir mövzu böyük ehtimalla qəbul edilən deyil. Etnoqraf-tarixçinin mediada yayılan açıqlamasının məğzindən anladığım budur ki, o, yaşadığı və kifayət qədər məhsuldar olan ömrün son dalğasında istədiyi rəğbəti görə bilmədiyi üçün təəssüf edib. Yəni, o, bu açıqlama ilə hansısa məsələni aktuallaşdırmağı deyil, öz peşə fəaliyyətinin produktivliyini sorğulamağı, ölçməyi hədəfləyib. Bəzən biz anlamalıyıq ki, ömrümüz boşa kürək çəkərək keçib. Əgər biz müəyyən vaxt keçdikdən sonra hiss ediriksə gördüyümüz işə, mənsub olduğumuz peşəyə tələbat azdır və ya yoxdur, o zaman innovativ olaraq dəyişməyə, dəyişikliyə, öz sahəmizdə yeniliklərə üstünlük verməliyik. Buna getməyib də israrla bir məsələnin üzərində dayanmaq, düzgün mövqe deyil və etnoqraf-tarixçinin fikirlərində məhz bu məqamlar var. Bəlkə də, araşdırılan mövzu yüzilliklər sonra Azərbaycanın ənənəsi adı altında kimlərəsə xalqı təqdim etmək, təbliğ etmək baxımından maraqlı ola bilər. Bu aspektdən yanaşsaq, bu gün o alimin dediyi işimizə haradasa yarıya bilərdi. Əlbəttə ki, yengə və yengəlik sahəsi üzrə araşdırma etmək, tövsiyələr vermək onun öz seçimidir. Lakin indiki halda onun bu araşdırmaları tövsiyə xarakterindən daha çox ittiham xarakteri daşıyır. Onun yengə ilə bağlı anlayışı ev işlərinin necə görülməsi, ailə təsərrüfatının idarə olunması və digər məsələlərlə bağlı şəxsə yol göstərmək anlamındadır”.
“Azərbaycanda toy və yengəlik indiyə qədər sadəcə bir məqsədə xidmət edib”
Psixoloqun qənaətincə, Azərbaycanda yengə indiyə qədər tamamilə başqa funksiyalar üçün istifadə olunub: “Biz təkcə elə bu məqam üzərində dayansaq, etnoqraf-tarixçinin fikrini nə üçün anlaşılmadığının fərqinə vararıq. Çünki Azərbaycanda toy və yengəlik indiyə qədər sadəcə bir məqsədə xidmət edib. Bu, cinsəlliyin aktuallaşdırılması və leqallaşdırılmasıdır. Bu proses indi də toy edənə qədər öz bakirəliyini qoruyanlar üçün mövcuddur. Müəyyən mənada onlar üçün önəmlidir, aktualdır. Azərbaycanda dini inancla bağlı da yanaşma mövcud olduğu üçün bu kimi məsələlər aktualdır, insanların maraq və diqqətini çəkir. Biz insanlara məlumatı hər tərəfdən almağı, təhlil etməyi, yalnız özünə uyğun olanını tətbiq etməyi tövsiyə etməliyik. Yəni bir insan “niyə mənim dediklərim ilə oturub-durmurlar”, “nə üçün yazdıqlarımız aktual deyil”, – demək, ittiham etmək yerinə, on mənbədən məlumat alsın və görsün ki, yazdıqlarının və söylədiklərinin gerçək əhəmiyyəti var, ya yox”.
“Yengə və onun “xidməti” aktuallığını itirir, utancverici bir mövzuya çevrilir”
Psixoloq Ə.Rüstəmova qeyd edib ki, zamanla insanların maraqları həm həyata baxışda, həm də yataq otağında dəyişikliyə məruz qalır: “Yengəlik də mütəmadi olaraq yenilənməli, yengələr yeni təsdiqetmələrdən məlumatlı olmalıdırlar. Təəssüf ki, Azərbaycanda ənənə hələ də tək sistemlə davam edir. Bu halda isə bizim gənclərə “ağıl verməyə” yaşımız və ya təcrübəmiz icazə vermir. Çünki indiki gənclər bizdən daha biliklidirlər. Amma onlar bizdən  təcrübəli deyillər. Onlar biliklə paralel olaraq, təcrübənin də lazım olduğunu hələ alnamır, sadəcə biliklərin hesabına həyatlarına davam etmək istəyirlər. Nə vaxt onlar bizim təcrübələrimizə baş vurmaq istəsələr, yalnız o zaman biz onlara məsləhət verə bilərik. O vaxta qədər biz də müşahidə etməliyik ki, gənclərin əldə etdiyi bu sonsuz informasiya, bilik onları hara qədər aparıb çıxaracaq. Elə hazırda  yengəyə müraciət edilməməsinin də səbəbi gənclərin şəxsi istəklərinin olmamasıdır. Bunun birinci səbəbi toydan öncə cütlüklər arasında cinsi münasibətin və yaxınlığın olması, yengənin “üz ağlığı” məsələsini aktualaşdırması üçün onun əlinə heç nə verə bilməmələridir. İkinci halda isə yengəyə marağın itməsi təhsillə əlaqədardır. Müəyyən təhsil səviyyəsində olan insanlar üçün yengə və onun “xidməti” aktuallığını itirir, yaxud utancverici bir mövzuya çevrilir”.
“İnsanlar qan qusduğu evin yiyəsi olmaqdansa, boşanmağı seçirlər”
Psixoloqun sözlərinə görə, əgər həqiqətən də nə vaxtsa Azərbaycanda yengəlik məişətin idarə olunmasına dair tövsiyə verən bir şəxs olubsa, bu, kifayət qədər yaxşı təcrübədir: “Bəlkə də biz o aşınmanı bərpa etsək, yengəni əvvəlki statusuna qaytarsaq, bu vəzifəni icra edənlər yenə rəğbət görərlər. Amma indiki halda yengə, yengəlik orta və gənc nəsildə müsbət qarşılanan obraz deyil. İndiki gənclərin təcrübəsi yengədən daha çox, rəngli və çeşidlidir. Yaxud gəlin araşdıraq görək, belə bir statistika mövcuddurmu ki, yengə gedən ailələrin boşanma faizi aşağıdır və ya yüksəkdir? Fərziyə ilə danışmaq çox qeyri-peşəkarlıq sayıla bilər. Amma onu deyə bilərik ki, “yengəliyin” mövcudluğu dönəmində boşanma “əxlaqsızlıq” idi. Hazırda boşanmaya münasibət əvvəlki kimi deyil deyə, insanlar “dözüb oturmur!”. İnsanlar qan qusduğu evin yiyəsi olmaqdansa, boşanmağı seçirlər. Təfəkkürün dəyişdiyi prosesdə süquta uğrayan, növbəti mərhələyə keçə bilməyən çox şey olur. Yengə və yengəlik də bunlardan biridir. Zaman göstərəcək ki, bu, doğru addımdır, yaxud yanlış”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.