Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Bakıda sürücü DYP maşınını vurdu, külli miqdarda narkotiklə tutuldu

Bakıda sürücü DYP maşınını vurdu, külli miqdarda narkotiklə tutuldu

Bakıda sürücü DYP maşınını vurdu, külli miqdarda narkotiklə tutuldu
2023-04-28 , 11:46

Bakıda sürücü ilə polis arasında insident baş verib.

Yenilik.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, hadisə Bakı metrosunun “Memar Əcəmi” stansiyasının qarşısında qeydə alınıb. “Toyota Prius” markalı avtomobilin sürücüsü polisin “Saxla” əmrinə tabe olmayıb, avtomobili irəli-geri sürüb. Bu zaman o, DYP avtomobilinə zərər yetirib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsi bildirib ki, həmin şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib:
“Bu gün səhər saat 07:50 radələrində paytaxtın Cəfər Xəndan küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişansız “Toyota Prius” markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları edib. Ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaradıb, polisə tabesizlik göstərməklə onun qanuni “Saxla” əmrinə tabe olmayıb.
Nəticədə bir neçə nəqliyyat vasitəsinə də maddi ziyan dəyib. Şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib. Əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyəti üzrə məhkəməyə təqdim ediləcək. Təfərrüat barədə məhkəmənin qərarından sonra ətraflı məlumat təqdim edəcəyik”.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir:
“Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə satış məqsədilə külli miqdarda narkotik vasitənin olması barədə polisə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbirlər zamanı polis əməkdaşlarına tabesizlik göstərən şəxsin saxlanılması DYP əməkdaşları ilə birgə təmin edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq davam etdirilir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.