Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Xanəndə Pərviz Qasımov: "Mən o "tuman"da səhnəyə çıxmaram" - VİDEO

Xanəndə Pərviz Qasımov: "Mən o "tuman"da səhnəyə çıxmaram" - VİDEO

Xanəndə Pərviz Qasımov:
2024-05-08 , 12:42

“Novruz Məmmədov işdən azad olunması ilə bağlı ərizəni öz istəyi ilə iki ay öncədən yazıb. Mən isə iki gün öncə bodibildinq yarışında 1-ci yerə çıxaraq ikiqat Avropa çempionu oldum. İki dəfə Azərbaycan himnini səsləndirdim, Azərbaycana iki kubok qazandırdım. Səhnəyə çıxmağıma 5 dəqiqə qalmış motivasiya vermək, ruh yüksəkliyini qazanmaq üçün isinmə hərəkəti edən zaman mahnı oxumağa başladım. Qızıl medal boynumda, o geyimdə Azərbaycan himni səslənirsə, “Azərbaycanım” mahnısı oxunması nə dərəcədə eyib ola bilər? Fikirləşmək lazımdır. Bu müzakirələr cılız düşüncəli insanlara lazımdır. Bəsdirin, boş-boş şeylərlə insanları yorursunuz. Uğur qazanmaq lazımdır. Hər idmanın öz geyimi var. Səhnənin də səhnə geyimi var. Əlbəttə ki, birincisi, mən o “tuman”da səhnəyə çıxmaram. Amma bu gün mənim səhnəm Avropa çempionatında Azərbaycanı təmsil etmək, qızıl medal qazanmaq idi. Bu səbədən o geyimdəyəm. Rənglənmişəm. Üzərimizə bədən rəngi vurulur. Xüsusi rənglənirik ki, əzələlərimiz parıltılı görünsün. Geyim də odur, onu geyinməlisən. Axı efirə o geyimdə heç vaxt çıxmaram. Camaat boş-boş şərhlər yazır. Bu idmandır, çempionatdır”. 

 
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq Baş nazir, professor Novruz Məmmədovun kürəkəni, tanınmış xanəndə Pərviz Qasımov bodibildinq geyimində “Azərbaycanım” mahnısını oxumasına görə tənqid olunmasından danışarkən deyib. 
 
“Üzgüçülərimiz “tuman”da hovuzda üzürlər, olimpiadada iştirak edir, medal qazanırlar. Onlara da deyilməlidir ki, niyə o geyimdə çıxıblar? O yarışlara prezidentlər, dünya baxır. Güləşçilərimiz də əllərində bayraq, “Yaşasın Azərbaycan!” deyib, qızıl medal qazanırlar. Necə gözəl hissdir. Biz ki klublarda muğamımızı oxuyub, özümüzü hörmətdən salmırıq. Əksinə, hər zaman yaxşı işlərlə Azərbaycana nümunə olmuşuq. Mən Muğam Televiziya Müsabiqəsini qazanmışam. Beynəlxalq Muğam Müsabiqəsinin qalibiyəm. Özbəkistanda 75 ölkənin iştirakı ilə keçirilən “Şərq Təranələri” festivalının birincisiyəm. Bu gün isə ikiqat Avropa çempionluğum, iki dəfə himn səsləndirməyim görürsünüz, insanlara necə qürur hissi verir, onları sevindirir. Bunu danışmaq lazımdır. “Tuman”da isinmə hərəkəti zamanı mahnı oxuyuram, azad düşüncəli insanam. Heç kim kiminsə demokratiyasını, azadlığını əlindən ala bilməz. Söz, fikir azadlığımız var. Azərbaycanı xaricdə müstəqil şəkildə təmsil ediriksə, orada istədiyimiz mahnımızı oxuya bilərik. Qoy Azərbaycanın səsini görsünlər. Biz idmançılarla çölə çıxmışdıq, bütün rəsmi heyət baxırdı, hamısı şokda idi ki, bu adam həm idmanı, həm də sənəti - ikisini gəlib xaricdə təmsil edir. Nəyi pisdir? Gözəl bir hisdir, vallah. Düşünürəm ki, bu müsahibə insanların beynində çox maraqlı fikir yaradacaq. Çalışacaqlar ki, mənfi fikirlərdən çıxsınlar. Azərbaycanın himni səslənir, bütün zalı ayaq üstə qaldırıram, o deməkdir ki, “tuman”da Azərbaycan himninə, gerbinə, bayrağına hörmətsizlik edirəm? Xeyr. Bunlar çox zəif, cılız düşüncəli fikirlərdir”. 
 
P.Qasımov professor Novruz Məmmədovun Azərbaycan Dillər Unversitetindəki vəzifəsindən azad edilmə səbəbinə isə belə aydınlıq gətirib: “Səhhəti ilə bağlı ola bilər. Hər şey mümkündür. Novruz müəllim dövlət, mən isə incəsənət xadimiyəm. Novruz müəllim hər zaman cənab Prezidetinmizin siyasətinə sədaqətlə xidmət etmiş, adı heç vaxt pis işlərdə hallanmayan insanlardan biridir. Sadəcə, özü işdən çıxmaq istəyib. Bəlkə də, yorulub. Öz fikirləri var, azad düşüncəli insandır. Hörmətlə yanaşmaq lazımdır”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.