Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tahir Kərimli rektorları hədələdi

Tahir Kərimli rektorları hədələdi

Tahir Kərimli rektorları hədələdi
2023-12-27 , 15:36

Deputat: “Əlimdə imkan olsaydı, onları bir gün də vəzifədə saxlamazdım”; universitetlər geyimlə bağlı  məhdudiyyət tətbiq edə bilərmi?  

“Təəssüf ki, qızlar universitetlərə və məktəblərə qısa geyimdə gedir, şəhvət doğuracaq, bayağı geyimlər geyinirlər. Bu, çox ciddi məsələdir. Universitet rəhbərləri də buna icazə verirlər. Həmin universitet rəhbərlərini qınayıram. Əlimdə imkan olsaydı, onları bir gün də vəzifədə saxlamazdım”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli pravda.az-a açıqlamasında deyib.
O əlavə edib: “Bilirsiniz ki, mən həmişə abır-həyanın qorunmasının tərəfdarı olmuşam. Təhsil müəssisəsi eyni zamanda təlim-tərbiyə yeridir. Belə tərbiyə vermək olarmı? Bəzən valideynlər barışırlar ki, hamı belədir, yaxud bəzilərinin heç xəbərləri olmur ki, uşaqları evdən çıxandan sonra gedib paltarlarını dəyişirlər”. 
T.Kərimli daha sonra bunları deyib: “Hətta müsəlman olmayan xarici dövlətlərdə belə universitetlərin xüsusi geyimləri var, təhsildən yayındıran, insanı pis, şeytani yollara salan bu cür paltarlar geyinilməsinə icazə vermirlər. Bu qaydalar təkcə universitetlərdə yaradılmamalıdır. Ən azından, Elm və Təhsil Nazirliyi direktiv göstəriş verməli, qərar qəbul etməlidir ki, şagirdlər, tələbələr məktəblərə və universitetlərə abır-həya gözlənilən paltarda gəlsinlər. Görünür, artıq başqa üsul qalmır. Çünki televiziya və sosial şəbəkələrin maarifçiliyi təbliğ etmədiyi, əksinə, əxlaqsızlıq yaydığı bir dövrdə başqa yol yoxdur. Gərək, bu işə dövlət, hökumət özü əl qoysun”. 
Qeyd edək ki, son dövrlər universitet tələbələrinin geyimləri tez-tez gündəmə gəlir. Bir müddət əvvəl qızların geyimi ilə bağlı aparıcı Elgiz Əkbər də tənqidi fikirlər səsləndirmişdi.
Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva “Yeni Müsavat”a dedi ki, universitetdə geyimlə bağlı hər hansı  məhdudiyyət yoxdur: “BDU tələbələri həmişə səliqəli geyimləri ilə seçiliblər”.İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova dedi ki, tələbələrin geyiminə müdaxilə olunmur. 
Azərbaycan Texniki Universitetinin  mətbuat katibi Sevinc İskəndərova da dedi ki, bu təhsil ocağında geyim qadağası yoxdur: “Tələbələrə xüsusi ”Dress code" tətbiq olunmur. O ki, qaldı  millət vəkili Tahir Kərimlinin mətbuatda tələbələrin geyimi ilə bağlı mövqeyinə, göründüyü kimi, millət vəkili bu mövzuda ümumi fikir bildirib. Qeyd edim ki, AzTU-da Tahir Kərimlinin şikayət xarakterli açıqlamasında qeyd olunanlara uyğun geyimdə xanım tələbələr yoxdur. Belə hallarla qarşılaşmamışıq".
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı da bizimlə söhbətdə dedi ki, ADU-da geyimlə bağlı hər hansı qadağa yoxdur: “Başqa şərhimiz yoxdur”. 
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki,  ali məktəblərdə geyim normaları və konkret standartları yoxdur: “Orta məktəblərdə olduğu kimi, ali məktəblərdə ümumi geyim tələb edilməsi mümkün deyil. Yalnız bu xüsusi təyinatlı, hərbi təhsildə ola bilər. Buna baxmayaraq, tələbələr də çalışmalıdır ki, ətrafdakı insanlara, mühitə, tələbələrə pis təsir edən formada universitetə gəlməsin. Məsələn, çox çılpaq formada geyinib, dərsdə oturmasınlar. Əks halda uzun, qısa, şortiklə, saqqallı, saçı uzun, ya da qısa universitetə gəlməsi hər kəsin şəxsi işidir. Çünki dərsə normadan kənar geyinib gələn tələbənin fikri dərsdən yayındığı üçün digərlərinin də fikirlərinin yayılmasına zəmin yaratmış olur. Belə halda, universitet artıq elm ocağından daha çox bayağı bir yerə dönür. Əlbəttə, bu məsələdə ciddi olmaq lazımdır. Universitet tələbələri səliqəli geyinməli, normal geyim mədəniyyətini qorumalıdırlar”.
Ekspert əlavə edib ki, tələbə təhsil aldığı üçün universitetə təhsil haqqı ödəyir, heç bir halda onunla imzalanmış müqavilədə göstərilməyib ki, tələbə hansısa geyim formasında universitetə qəbul olunmalıdır: “Amma hər bir şəxs - tələbə, müəllim - geyimində məsuliyyət hiss etməlidir. Tələbənin tələbə, müəllimin  müəllim  geyimi olmalıdır. Əks halda, müəyyən problemlər yarana bilər. Bu baxımdan birdən-birə qadağalar qoymaq düzgün deyil. Əgər geyimlərlə bağlı tələblər olacaqsa, ən azından yarım il öncədən universitetdə işlər aparılmalıdır.  Yəni kəskin olaraq qərar qəbul etməyi doğru hesab etmirəm. Lakin  tədris müəssisəsi üçün  mühit vacibdir. Çünki hər bir insanın davranışını formalaşdıran üç əsas amil var: mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər. Əgər gənclər tələbədirsə, onların  həyatında  təhsil aparıcı rol oynamalıdır. Qalan məsələlər tədris prosesindən kənardır. Ona görə də insanları tədrisə, təhsilə yönləndirə bilən mühit önəmlidir. Bir-biriləri ilə geyimlər üzərindən yarışmaq, dəblə ayaqlaşmaq və.s  kimi amillər tələbələrin psixologiyasında mənfi rol oynayır və təhsil prosesinə birbaşa neqativ təsir edir.  Bu baxımdan prinsip etibarilə, ali məktəblərdə təhsil mühitinin yaranmasını vacib hesab edirəm. Amma kəskin şəkildə  qərarların qəbul edilməsinin əleyhinəyəm.
Hesab edirəm ki, “Müəllim və tələbələrin etik davranış”qaydaları hazırlanmalıdı. Orada müəllimlərin, tələbələrin geyimi, saqqal saxlanması, telefonla bağlı məsələlər əks olunmalıdır. Müəllim və tələbələr üçün xüsusi geyim olmasa da, bəzi tənzimləmələr olmalıdır.
Yəni qadağalar təhsilin inkişafı üçün, keyfiyyətinin yüksəldilməsi üçün  və əsaslandırılmış olmalıdır. 
Əgər bu məsələ ilə bağlı qanunda heç nə qeyd edilməyibsə, bu o demək deyil ki, universitetlər daxili qaydaları ilə məsələləri istədikləri kimi tənzimləyə bilər. Oksford Universiteti haqqında maraqlı bir yazı oxumuşdum. Orada qeyd olunurdu ki, universitetə kənardan baxanda tələbələrin əksəriyyətini oxşar geyimdə görürsən. Hətta onların davranışı belə bir-birinə bənzəyir. Standart tələbə davranışı, imici, geyimi, çantaları var. Bizdə isə xaotik vəziyyət hökm sürür. Saqqal saxlamaq, xoşagəlməz geyimlər geyinmək intizamsızlıq əlamətidir. Hesab edirəm ki, bizə tələbənin forması deyil, məzmunu lazımdır. Forma isə məzmuna çox cüzi, üstəlik uzun müddətdən sonra təsir edə bilər. Məsələn, biz özümüz də cəmiyyət olaraq, formaca avropalıyıq, düşüncəmiz isə hələ də şərqli təfəkkürüdür.Tələbələrin saqqal saxlaması, geyimi, davranışı kimi məsələlərdə optimal variantı tapmaq üçün sosioloji tədqiqat aparmaq vacibdir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.