Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident həmkarlarını təbrik etdi

Prezident həmkarlarını təbrik etdi

Prezident həmkarlarını təbrik etdi
2023-09-01 , 14:47

Prezident İlham Əliyev Slovakiya Prezidenti Zuzana Çaputovaya təbrik ünvanlayıb.

Təbrik məktubunda deyilir:
“Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin dinamikası məmnunluq doğurur. Ölkələrimizin fəal dialoqu bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinə şərait yaratmışdır.
Əminəm ki, Azərbaycan-Slovakiya dostluq əlaqələrinin möhkəmləndirilməsi, ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
***
Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə də təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Qardaş Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu gün Sizin liderliyiniz və uzaqgörən siyasətiniz nəticəsində Özbəkistan dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq sosial-iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir. Rəhbərliyiniz altında ölkənizin əldə etdiyi mühüm nailiyyətlərin, beynəlxalq aləmdə qazandığı nüfuzun və hər keçən il daha böyük uğurlara imza atmasının şahidi olmaqdan xüsusi məmnunluq duyuruq. Regionda cərəyan edən proseslərdə fəal rolu və mövqeyi Özbəkistana ən mötəbər beynəlxalq təşkilatların toplantılarını və zirvə görüşlərini yüksək səviyyədə keçirməyə imkan yaradır.
Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir.
Aramızdakı açıq və fəal siyasi dialoq, ali səviyyəli qarşılıqlı səfərlərimiz, mütəmadi görüşlərimiz, imzalanmış çoxsaylı sənədlər, uğurla həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığımızın müsbət dinamikasını şərtləndirərək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır.
Bir neçə gün əvvəl Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin tarixində yeni səhifə açmış, strateji tərəfdaşlığımızın hərtərəfli inkişafına güclü təkan vermişdir.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın prioritet sahələrinin inkişafı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu birgə fəaliyyətimizin davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.