Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Bu xəstəxanada 3 gündür yatan şəkər xəstəsi hamilə qadına baxan olmadı - İDDİA

Bu xəstəxanada 3 gündür yatan şəkər xəstəsi hamilə qadına baxan olmadı - İDDİA

Bu xəstəxanada 3 gündür yatan şəkər xəstəsi hamilə qadına baxan olmadı - İDDİA
2026-02-09 , 13:05

Sabunçu xəstəxanası kimi tanınan 3 saylı Şəhər kliniki xəstəxanasının ginekologiya şöbəsində hamilə qadına lazımi tibbi xidmətin göstərilmədiyi iddia olunur.

Patrul.az-a müraciət edən xəstə yaxını Quliyev Özal bildirib ki, 6 həftəlik hamilə olan və ağır şəkərli diabetdən əziyyət çəkən həyat yoldaşı Vüsalə İbrahimovanı Sabunçu xəstəxanası kimi tanınan 3 saylı Şəhər kliniki xəstəxanasına yerləşdiriblər. Lakin onun sözlərinə görə, xəstəxanada qaldığı 3 gün ərzində qadına nə ginekoloq, nə endokrinoloq, nə də hər hansı digər həkim tərəfindən baxış keçirilib. Bu səbəbdən o, hamilə həyat yoldaşının müalicə alması üçün terapiya şöbəsindən ginekologiya şöbəsinə həkim gətirmək məcburiyyətində qalıb:
“Üç gün ərzində heç kim gəlib maraqlanmadı, nə üçün burada yatdığımızı soruşmadı. Şəkər iynələrini özümüz evdən gətirib vururduq. Axırda özüm terapiya şöbəsinə gedib şəkər həkimini tapıb gətirdim. Həkim dedi ki, ona bu xəstə barədə heç kim məlumat verməyib”.
Ö. Quliyevin sözlərinə görə, Sabunçu xəstəxanasında həkimlərin hamilə qadına laqeyd münasibətini gördükdən sonra o, xəstəni xəstəxanadan aparmaq qərarına gəlib. Lakin bu qərara da biganə yanaşan həkimlər Quliyevin təkidlərinə baxmayaraq, xəstəxanadan çıxarış üçün nəzərdə tutulan tibbi epikriz sənədini verməyiblər.
Q.Özal çıxarış sənədi ilə bağlı sözügedən xəstəxananın həkimi Xuraman Abiyevaya zəng etsə də, həkimin telefonu həyat yoldaşına verməsi tərəflər arasında söz mübahisəsinə səbəb olub:
“Həkimə zəng edib iradımı bildirdim. O isə telefonu həyat yoldaşına verdi. Həyat yoldaşı mənə dedi ki, ‘sən kimsən ki, mənim yoldaşımı yığırsan?’. Mən də bildirdim ki, nalayiq söz deməmişəm, həkim xəstə və xəstə yaxınları ilə əlaqə saxlamalıdır. Telefon danışığı zamanı aramızda mübahisə yarandı”, – deyə Q.Özal əlavə edib.
Məsələ ilə bağlı 3 saylı Şəhər Klinik Xəstəxanası və TƏBİB-in mövqeyini işıqlandırmağa hazırıq.
Qeyd edək ki, V. İbrahimova daha əvvəlki hamiləliklərindən birində şəkərli diabet səbəbindən övladını itirib. Hazırda isə 6 həftəlik hamilə olan qadına həkimlər tərəfindən stasionar müalicə almaq tövsiyə edilib. Lakin Sabunçu xəstəxanasında həkimlərin laqeyd münasibəti, həm ananın, həm də körpəsinin həyatını risk altına atıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.