Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Şərəf yoxsullarına bir neçə söz...

Şərəf yoxsullarına bir neçə söz...

Şərəf yoxsullarına bir neçə söz...
2024-04-24 , 09:59

Sumqayıt Evdə fərdi təhsil məktəbinin direktoru Vladim İbrahimova qarşı mediada yeni iftira və böhtan kampaniyası başlayıb. Kampaniya yeni olsa da iftiraçılar və kampaniyaçılar köhnədir. Bir ildən çoxdur ki, eyni böhtanları əzbərləyib tutuquşu kimi təkrarlamaqla məşğuldurlar. Yenə də heç bir əsası olmayan, boş, mənasız iftiraları məntiqsiz şəkildə ard-arda düzüb anonim şəkildə mediaya ötürüblər.


Oxuduqca adamı bir tərəfdən gülmək tutursa, bir tərəfdən də bu iftiraları mediaya ötürənlərə, ümumiyyətlə bu cür yazıların ideyasını verənlərə, düz-qoş edənlərə yazığı gəlir. İnsan nə qədər şərəf yoxsulu olar, nə qədər zavallı olar ki, qısa müddətdə məktəbdə müsbətə doğru baş verən bu qədər mühüm dəyişiklikləri görməz və ya görə bilməyəcək qədər kor olar? Ümumiyyətlə anonim yazanlar həyatını da anonim yaşayan şəxsiyyətini itirmiş tiplərdir. Həm də etdiyinin, dediyinin altına imzasını ata bilməyəcək, dediyi sözün arxasında durmağa cəsarəti çatmayan, etiraf edə bilməyəcək qədər zavallı şəxsiyyətsizlər... 
Təbii ki, V. İbrahimovu da sevməyənlər ola bilər. Bu da normaldır. Bir insanı hamı bəyənə, təqdir edə bilməz. Amma görək V.İbrahimovun fəaliyyətini kimlər sevməyə bilər? Dərsinə vaxtında getməyənlər, sənədləşmə işini düzgün apara bilməyənlər, əyri işlərlə məşğul olanlar, yaşına və peşəsinə uyğun olmayan hərəkətləri ilə müəllim adına və nüfuzuna xələl gətirənlər və s.
Vladim İbrahimov Evdə fərdi təhsil məktəbinə direktor təyin olunan gündən məktəbin saat kimi qüsursuz çalışması üçün günlərlə, hətta iş saatı bitdikdən sonra da qalıb işləyib, qısa müddət ərzində Abşeron-Xızı Regional Təhsil idarəsi rəhbərliyinin dəstəyi ilə məktəbdə çox müsbət dəyişikliklər edib. Bunun nəticəsidir ki, bu gün heç bir müəllim deyə bilməz ki, ayrı-seçkiliklə üzləşib, çünki Vladim müəllimin fəaliyyəti, apardığı dərs bölgüsü şəffafdır, heç kimdən gizli iş tutmur.
Mayası haramdan yoğrulmuş tülkü xislətli iftiraçılar yazdırırlar ki, guya V. İbrahimov məktəbdə gəlininə dərs verib. Bu artıq qırmızı yalan oldu. Amma bu tip boşboğazlıqları, iftiraları düşünən, ideya verən, kimisə qızışdırıb ortaya salmaqla suyu bulandırıb balıq tutmaq istəyən şərəf yoxsulları bilirlər ki, onlardan fərqli olaraq V. İbrahimov hər bir müəllimə öz övladı, qızı, gəlini kimi baxır, hər bir müəllimin probleminə, qayğılarına öz problemi kimi yanaşır, diqqət göstərir. Əslində belə də olmalıdır, çünki rəhbər həm də atadır, ata övladına başqa necə baxa bilər ki? Ona görə də bu gün Evdə fərdi təhsil məktəbinin kollektivi bu cür qondarma yazıları istehza ilə qarşılayır, deyirlər ki, “deyəsən növbəti dərs ili ərəfəsində kimlərsə direktor olub başımıza oyun açmaq sevdasına düşüblər”. Təbii ki, hər kəsin müəyyən arzular tutub, xəyallarla yaşamaq haqqı var, ancaq arzu da gərək bir az reallığa uyğun ola. 
Vəzifə çox böyük məsuliyyətdir və hər adam rəhbər kreslosunda oturanda öz mənliyini, nəfsini, şərəfini qoruyub saxlaya bilmir. İftiraçılar, ayaq altı qazanlar, böhtan yağdırmaqla nəyəsə nail olacağını xəyal edənlər bu barədə bir daha düşünməlidirlər. Boş-boş iftiralarla, böhtanlarla özünüzü yormayın, toz basmış arxivlərdən çıxın, dünya dəyişir, siz də dəyişin, bu yolun sonu yaxşı nəsə vəd etmir, arxada gizli-gizli işlər çevirib özgəyə quyunu qazan axırda özü düşür və heç nə gizli qalmır... Ən səbrli adamın da bir gün hövsələsi tükənər və qanun çərçivəsində bütün hüquqi mübarizə metodlarından istifadə edərək "yer altından yasa gedən", üzdə dost görünüb, arxada "xəyanət triosu" qurub dirijorluq edənlərin ifşa edilməsinə və layiqli şəkildə cəzalandırılmasına nail ola bilər. Ona görə də bundan sonra quyu qazıb, iftira atanda iki dəfə düşünün ki, sonra peşmançılıq olmasın...

Xanlar Xoca

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.