Yenilik.Az
www.Yenilik.Az » Ölkə » TƏBİB-in reket fəaliyyəti üzə çıxdı — Haqqındakı tənqidi yazıları sildirirmiş...

TƏBİB-in reket fəaliyyəti üzə çıxdı — Haqqındakı tənqidi yazıları sildirirmiş...

TƏBİB-in reket fəaliyyəti üzə çıxdı — Haqqındakı tənqidi yazıları sildirirmiş...
2024-05-05 , 00:17

Əslində dərdimizə dərman olmaq üçün yaradılan TƏBİB-in özü bu gün Azərbaycan səhiyyəsinin dərdinə çevrilib və heç cür sağalmaq bilmir. TƏBİB-dəki son həbslər də bu qurumun necə fəaliyyət göstərdiyini, səhiyyəmizi hansı günə saldığını bir daha göstərdi. Maliyyə fırıldaqları, maxinasiyalar, dərmanların qanunsuz satışının təşkili, bir sözlə bu qurumda nə desən var, həkimlikdən savayı. Hələ bu azmış kimi, TƏBİB-in son həbslərlə bağlı məlumatları mediadan və sosial şəbəkələrdən sildirməyə çalışması, bu məqsədlə “reket jurnalistlər”i araya salaraq, pul paylaması bu qurumun birbaşa reket fəaliyyətini də ortaya çıxardı.


Bu məlumat diqqəti mediada Səhiyyə Nazirliyinin əleyhinə yayılan məlumatlara-məqalələrə yönəldir. Məlumdur ki, TƏBİB bir çox məsələdə Səhiyyə Nazirliyini “günahkar” çıxarır, xüsusilə özünün yaratdığı problemlərdən boyun qaçırmaq üçün bütün məsuliyyəti nazirliyin üzərinə yıxır. Bu haqda mediada da mütəmadi məlumatlar yayılır. 

Görünür ki, bu kampaniyanın arxasında da elə TƏBİB dayanırmış. Qurum hazırda pul payladığı “reketlərin” əli ilə Səhiyyə Nazirliyini “vurmağa” çalışır. “Reket jurnalistlər” də TƏBİB-in yaxın sevimli “mirzələridir”, əks təqdirdə, qurum həbs xəbərlərinin sildirilməsi işini onlara həvalə etməzdi. Bu da TƏBİB-lə “reket jurnalistlər” arasındakı bağlantısını ifşa edir.

Dərdimizə dərman olmayan TƏBİB-in fəaliyyətində ciddi nöqsanların olduğu göz qabağındadır. Son həbslər də bunu təsdiq edir. Lakin hər şey bununla bitmir, TƏBİB-in səhiyyəmizə vurduğu zərər saysız-hesabsızdır. Misal üçün, hazırda ölkədə ən bərbad fəaliyyət göstərən Təcili Tibbi Yardım Xidmətidir. Bu xidmətin fəaliyyəti onun TƏBİB-in tabeçiliyinə keçməsindən sonra bu günə düşdü. Son zamanlar Təcili Yardım Xidməti gah vətəndaşların çağırışına cavab vermir, gah da çağırış yerinə gec gedir. TƏBİB-in tabeliyində olan xəstəxanalarda da eyni vəziyyətdir. Nə doğru-dürüst xidmət göstərirlər, nə də dövlətin səhiyyə siyasətinə uyğun iş görürlər. TƏBİB-in əsas işi dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi, eləcə də dövlətin tibb ocaqlarını “alver yuvasına” çevirməkdir. Bu səbəbdən də artıq TƏBİB-də də ciddi yoxlamaların aparılmasına və tezliklə lazımi addımların atılmasına ehtiyac var.
Demokrat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.