“Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirildi - Fotolar

Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib.
Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Vüsal Quliyev bildirib ki, Azərbaycan veteranlar hərəkatının formalaşmasında və inkişafına ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub:
O vurğulayıb ki, Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, onlara münasibətdə xüsusi həssaslıq sərgiləyib.

“Ulu öndər veteranlara qayğı göstərməklə yanaşı, onların dövlətçilik mənafeyi, milli maraqlar konteksində birləşməsini də zəruri hesab edir, bu istiqamətdə mütəmadi addımlar atırdı. Ümummilli lider haqlı olaraq hesab edirdi ki, zəngin və şərəfli həyat yolu keçən veteranlar cəmiyyətin digər təbəqələri, xüsusilə də yeniyetmə və gənclər üçün nümunə olmalı, gənc nəsillər Vətənə, milli mənəvi dəyərlərə olan sevgini və bağlılığı veteranlardan öyrənməlidirlər. Bu baxımdan Heydər Əliyev veteranları cəmiyyətin avanqardı sayır, onların birliyinə, təşkilatlanmağına xüsusi önəm verirdi. Təsadüfi deyil ki, Azərbaycan veteranlar hərəkatının formalaşması Ulu öndərin adı ilə bağlıdır.
Veteranlarımızın iştirakı ilə keçirilən bu konfrans sübut edir ki, cəmiyyətimizin bütün təbəqəsi kimi veteranlar da öz qayğıkeş liderlərinin tarixi xidmətini unutmur, Ümummilli lideri hər zaman sevgi və ehtiram hissi ilə yad edirlər. Və nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev də xalqımızla birlikdə yaşayacaq, sonsuz sevgi ilə xatırlanacaq”, - Prezident Administrasiyasının sektor müdiri söyləyib.

Daha sonra təşkilat sədrləri və veteranlar çıxış ediblər. Onlar H.Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, veteranlara diqqət və qayğısı ilə bağlı fikirlərini bölüşüblər.
Konfransın sonunda xatirə şəkli çəkilib.




OXŞAR XƏBƏRLƏR