Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Siyavuş Novruzovun müəllimlərlə bağlı fikri etirazla qarşılandı

Siyavuş Novruzovun müəllimlərlə bağlı fikri etirazla qarşılandı

Siyavuş Novruzovun müəllimlərlə bağlı fikri etirazla qarşılandı
2023-06-01 , 16:24

Ötən gün Milli Məclisin iclasında deputat Siyavuş Novruzovun müəllimlərlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. 

Siyavuş Novruzov bildirib ki, insanların müəllimlərin sertifikasiyası ilə bağlı ciddi narahatlıqları var. 
Onun müəllimlərin tərbiyəsi ilə bağlı fikirləri isə birmənalı qarşılanmayıb:
“Bu sertifikatlaşma ilə bağlı hansısa ədəbiyyat və test yoxdur. Neçə ildir müəllimlərin sertifikatlaşdırılması gedir, ancaq onlar üçün hansısa material hələ də hazırlanmır. 
Müəllimin testlə savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən?”
Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırkı dövrdə müəllimlərin bilik və bacarıqlarının yoxlanılması vacibdir:
“Müəllimlərin psixologiyasının da yoxlanılması ilə bağlı təkliflər də gördüm. Əslində baxsaq, burada müəllimlərin müəyyən imtahan məsələsi var. Söhbət konkret sertifikasiyadan gedir ki, həmin müəllimlərin bilik və bacarıqları yoxlanılır. Bu isə mütləq və vacibdir. Çünki biz fərqli dövrdə yaşayırıq, 5-10 il bundan əvvəlki təhsil sistemi ilə bugünkü arasında çox fərq var. İndi kurikulum tədrisi keçirilir, lakin 2009-cu ilə qədər tamam fərqli sistem idi. Ona görə müəllimlərin bilik və bacarıqlarının yoxlanılması vacibdir. Müasir standartlara cavab vermək üçün bu addımlar atılmalıdır”. 
Ekspert qeyd edib ki, müsabiqə mərhələsindən sonra hər bir müəllimin psixologiyası da yoxlanılır və yekun qərar verilir. O, son dövrlərdə müəllimlərin üzərinə bu qədər gedilməsinin yanlış olduğunu vurğulayıb:
“O ki, qaldı Siyavuş Novruzovun dediyi məsələ, qeyd edim ki, müəllimlərin işə qəbulu zamanı bilik və bacarıqlarından əlavə, onların psixologiyası da yoxlanılır. Çünki bu mərhələ təkcə müsabiqədən ibarət deyil, müəllimlər üçün müsahibə mərhələsi də var. Onların müsahibə mərhələsində həm psixologiyaları, həm də digər bacarıqları yoxlanılır və sonda yekun qərar verilir. Heç kəs iddia edə bilməz ki, müəllimlərin psixologiyası yoxlanılmır. Bu, doğru deyil. 
Müəllimlərin üzərinə bu qədər basqı ilə getmək düzgün deyil. Müəyyən şəxslər dönüb keçmişlərinə baxsınlar və xatırlasınlar ki, bu gün haradasa əyləşiblərsə, bu, müəllimlərin sayəsindədir. Ən azından bunu unutmasınlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.