Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Onun kəsdiyi qurban Allah tərəfindən qəbul olunmur” - İlahiyyatçıdan sərt açıqlama

“Onun kəsdiyi qurban Allah tərəfindən qəbul olunmur” - İlahiyyatçıdan sərt açıqlama

“Onun kəsdiyi qurban Allah tərəfindən qəbul olunmur” - İlahiyyatçıdan sərt açıqlama
2023-06-22 , 19:13

Qurban bayramına sayılı günlər qalıb. Artıq paytaxtda və rayonlarda qurbanlıq heyvanların kəsiləcəyi məntəqələrin ünvanları müəyyənləşib.

Qeyd edək ki, Qurban bayramı həm də sosial həmrəylik aksiyası kimi keçirilir. Həmin gün qurban kəsənlər ehtiyacı olan insanlara pay verir, bir neçə kasıb, imkansız ailəni sevindirirlər. 
Bəzən bu proses xoşagəlməz hadisələrlə müşayiət olunur. Kimlərsə bilərəkdən və ya bilməyərəkdən qurban payı verdiyi adamların şəkillərini çəkib onları telekanallarda, sosial şəbəkələrdə yayımlayır. 
Bu isə etirazla qarşılanır. Bəziləri iddia edir ki, edilən yaxşılıqlar sosial şəbəkələrdə reklam obyektinə çevrilirsə, bu, yardımlaşmadan daha çox özünü göstərmə, təkəbbür sərgiləmək anlamına gəlir. Paylaşım edənlərsə çox vaxt bunu başqalarına da örnək olmaq məqsədilə etdiklərini bildirirlər.
Məsələ ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Yenisabah.az-a danışıb.
Onun sözlərinə görə, dinimizdə təşviqə icazə verilir:
"Qurban kəsib paylamağı dinimiz buyurub. Qurani-Kərimdə də bu yazılıb, deyilir ki, Allah üçün qurban kəs. Bildirilir ki, kəsdiyin qurban ətinin bir hissəsini özündə saxlayırsan, bir hissəsini qohumlarına, qalanını isə kasıblara paylamalısan.
O ki, qaldı paylanan qurban ətlərinin çəkilib sosial şəbəkələrdə paylaşılmasına, bu təşviq hesab oluna bilər. Dinimiz də təşviqə icazə verir ki, başqaları da baxıb müsbət nümunə götürsün. Peyğəmbərimiz də hər zaman camaat namazının qılınmasına təşviq edib ki, insanlar bir-birinə baxıb məscidə gəlib Allaha ibadət etsinlər. 
Sadəcə çalışmaq lazımdır ki, qurban əti ehtiyac sahiblərinə paylanılsın. Çünki onsuz da imkanı olanlar özü qurban kəsir. İmkanı olmayan isə qurban kəsməyə bilər, bu onlara günah yazılmır". 
Ə.Həsənov qeyd edib ki, burada əsas məqam niyyətdir, əgər niyyətin safdırsa, etdiyin əməl Allah qatında da qəbul olunur:
"Qurban ətini payladıqda çəkib başqalarını da təşviq etmək məqsədilə paylaşmaq olar. Amma özünü başqalarından üstün tutmaq, özünü göstərmək məqsədilə bu edilirsə, yolverilməzdir. Hər şey niyyətdən asılıdır, şəriətdə niyyət əsas şərt sayılır. Niyyətin Allah üçün olmalıdır, çünki Qurani-Kərimdə deyilir ki, qurbanı Allah üçün kəs. Əsas şərt qəlbindəki niyyət, savab qazanmaq istəyidir. Elə insan var ki, Allah üçün yox, başqalarından geri qalmamaq üçün qurban kəsir. Belələri kifayət qədərdir. Allah tərəfindən həmin qurban heç qəbul da olunmur. Təbiidir ki, ətlər Allah rzası üçün kəsilib paylanmalıdır. Quranda deyilir ki, o qurbanın nə əti, nə də qanı Allaha çatır, Allaha  çatan sizin təqvanızdır. Əgər insanın qəlbində Allah qorxusu, təqva və sırf Allah xatiri varsa və qurban kəsirsə, o qurban qəbul edilir. Qurban göstəriş xətrinə yox, Allahın yolunda kəsilməlidir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.