Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qarpız seçərkən hansı əlamətlərə diqqət yetirməli? – Faydalı məsləhətlər

Qarpız seçərkən hansı əlamətlərə diqqət yetirməli? – Faydalı məsləhətlər

Qarpız seçərkən hansı əlamətlərə diqqət yetirməli? – Faydalı məsləhətlər
2023-07-25 , 16:30

Adətən mövsümündən əvvəl yeyilən qarpız və yemiş kimi qidalar zəhərlənməyə səbəb ola bilər. Amma bəzən mövsümündə yeyilən qarpız və yemişlərin də fəsadlara yol açdığı görülməkdədir.

 
Maraqlıdır, bunun səbəbi nədir? Qarpızı seçərkən hansı məqamlara diqqət etməliyik?
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, mövsümündə yetişən bütün meyvə və tərəvəzlərin istehlakı zəruridir:
 
“Belə məhsullar insan orqanizmi üçün daha faydalıdır, nəinki, mövsümündən əvvəl yaxud sonra yetişənlər. Mövsümü olmayan meyvə-tərəvəzlər hibrid toxumu ilə yetişdirilir və burada müxtəlif pestisidlərdən istifadə olunur. Onlar mütəmadi olaraq istehlak olunduğu halda isə orqanizmdə fəsadlara yol açır. Məsələn, allergik reaksiyalar, zəhərlənmə kimi hallar müşahidə edilə bilər. Odur ki, sağlamlıqlarının qeydinə qalan insanlar mövsümündə yetişən meyvə-tərəvəzləri istehlak etməli, hətta onların kompotunu, mürəbbəsini hazırlayaraq qışa saxlamalıdırlar”.
 
Müsahibimiz hazırda bazarlarda hibrid toxumlarla yetişdirilən qarpızların olduğunu da vurğulayıb:
 
“Baxırsınız ki, eynidirlər, şirin, dadlı olurlar, amma toxum hibriddir. Bu toxumların ərsəyə gəlməsi üçün isə qeyd etdiyim kimi, müxtəlif pestisidlərdən istifadə olunur. Qarpızdan zəhərlənmə hallarının çox olması da bunun göstəricisidir. Əvvəllər qarpız zəhərlənmələri nadir hallarda baş verirdisə, indi bunun sayı-hesabı yoxdur. Bu da təbii ki, mövsümündən qabaq yetişən qarpızın dərmanlanmasında normativlərin aşılmasından da irəli gəlir. Belə qarpızlarda nitrat səviyyəsi də yüksək olur və zəhərlənməyə yol açır.
 
İndiki dövrdə organik məhsul tapmaq çox çətindir. Organik qarpızın üstündə zoğlar çox olmalıdır, seyrək zoğların olması şübhəlidir. O cümlədən qarpızın üzərində bal arılarının buraxdığı izlər olmalıdır (eroziya kimi zoğlar)  – çünki onlar yaxşı qarpızlardan şirə çəkirlər. Eyni zamanda fikir vermisinizsə, qarpızın gün dəyməyən, torpaqda olan hissəsi ya ağ ya sarımtıl olur.  Sarı olan daha keyfiyyətli qarpızlardır. Vaxtından tez yetişən qarpızların saplaq hissəsində isə yaşıl var, yəni tam yetişməyib, tağdan tam hazır olanda dərilməyib. Bu qarpızlardan uzaq durmaq lazımdır. Amma saplağı qurudursa, o, təbii ki, yaxşı qarpız hesab oluna bilər”.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.