Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məmurlar da falçıya gedirlər? - "Daha çox ərə getmək üçün müraciət olunur"

Məmurlar da falçıya gedirlər? - "Daha çox ərə getmək üçün müraciət olunur"

Məmurlar da falçıya gedirlər? - 
2023-09-13 , 14:46

Falçılıq son dövrlər daha geniş neobiznes sahəsinə çevrilib. Qeyri-adi, mistik güclərinin olduğunu iddia edən falçıların əksəriyyətinin nəinki ali, hətta orta təhsillərinin olmaması onlara inanan insanları qətiyyən narahat etmir. Əsrlərdir, dara düşəndə çarəni bu cəhalət qapısında tapan toplumun hələ də qalması savadlı kəsimi ciddi narahat edir. Falçı Yeganə kimi tanınan Yeganə Zeynalovanın mətbuata verdiyi müsahibə son günlər bu məsələni yenidən yada salıb. Onun “nömrəmi “yuxarılar”dan başqa heç kim bilmir?!” deməsi isə ayrı müzakirə mövzusuna çevrilib. Bu açıqlama məmurların da falçılara üz tutması məsələsini təkrar gündəmə gətirib. Bildirilib ki, hansısa məmur falçıya müraciət edirsə, vəzifəsindən azad edilməli, hətta həbs olunmalıdır.

 
Müzakirələrlə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış psixoloq Gülnar Orucova deyib ki, fal və falçı əsrin bitməyən mövzularından biridir. 

G.Orucova biildirib ki, falçıların çoxu eyni sözü deyirlər: ““Sənə göz dəyib, səndə nəzər, cadu var...” Falçıların çoxu, həqiqətən, şizofreniyadan əziyyət çəkən insanlardır. Sadəcə, qəribə adları var, özlərinə yeni adlar qoyurlar – ekstrasens, uzaqgörən... Əslində, keçmişin mollaları daha zərərsiz idi. Çünki molla bildiyi-bilmədiyi ayəni yazardı, insanlara ümid verərdi ki, hər şey yaxşı olacaq. Amma falçılar daha təhlükəlidir. Bunlar yüksək məbləğlər alırlar, nələrisə vəd verir, əminlik yaradırlar, amma ortada heç nə olmur. Falçıların danışdıqlarına baxın. Dönüb arxaya baxıram, biri deyir “mən demişdim, Türkiyədə zəlzələ olacaq”, o bir deyir “mən demişdim, müharibə olacaq”. Xarici televiziyalara pul verirlər, Rusiyada özlərini reklam edirlər, gəlib Azərbaycanda qəbullarını yüksək qiymətə qoyurlar. Qəbullardan pullar qazanırlar, özlərini reklam edirlər. Ən pisi isə televiziyalarımızın bu cahilliyi təqdim etməsidir. Sosial medianı kənara qoyuram, çünki sosial mediada fərdi insanlardır, baxış sayını çoxaltmaq üçün paylaşırlar. Amma televiziyanın bu cahilliyi təqdim etməsi, bu cür insanları təndiq etməməsi, icimai qınağa çəkməməsi doğru deyil. Televiziya əslində bunları etməlidir ki, insanların falçılara marağı azalsın. Bu gün falçı elə qiymət qoyur ki, yanına gələn adam bir neçə aylıq əmək haqqını ona verməlidir. İşi düzələcək, düzəlməyəcək, hələ bu da sual işarəsi altındadır. Falçılar deyirlər ki, gözümə filankəs göründü, mənə dedi ki, filan şeyi et... Özləri bilərəkdən, ya bilməyərəkdən bu iddiaları səsləndirirlər. Sonda isə çox faciəvi ölümlərlə, intiharlarla dünyadan köçürlər. Düşünürəm ki, belə şeyləri iddia edən insanlar özünü gözə soxmaq məqsədilə edirlər. Əslində, çağırış verir ki, məmurlar mənim yanıma gəlsinlər”. 
 
G.Orucova psixoloqların qəbullarından da danışıb: “Bu gün bizim qəbulumuza kifayət qədər aşağı təbəqəli insan da gəlir, orta təbəqəli də. Bir psixoloqun qəbuluna ancaq məmurlar gəlirsə, o demək deyil ki, həmin psixoloqun səviyyəsi yüksəkdir, ancaq məmurları qəbul edir. Belə bir şey ola bilməz. Çünki psixoloqsansa, gördüyün işdən asılı olaraq qəbuluna hər kəs yazıla bilər. “Mən ancaq məmurları qəbul edirəm, mənə ancaq məmurlar müraciət edirlər...” Bu psixoloq artıq öz peşəsini sual altında qoymuş olur. Falçılar da həmçinin... İstəyirlər ki, bu cür təqdimat verməklə daha çox “müştəri” yığsınlar. Amma daha çox diqqət çəkirlər, vəssalam. Media vasitəsilə özlərini təqdim edə bildiklərinə görə asanlıqla dələduzluq edə bilirlər. Bəziləri hətta hüquq-mühafizə orqanları tərəfindən saxlanılır, həbsdən sonra yenidən həmin əməlinə davam edir. İnsanlara tövsiyə edirəm ki, falçılara verdiyiniz pulu özünüzü inkişafa qoyun, özgüvəninizi artırın, kurslara qatılın, falçılara ehtiyac qalmayacaq. Bir şizofrendən ümid gözləməyin. Falçıların əksəriyyəti psixiatrik problemi olan insanlardır”. 
 
Psixloloq deyib ki, falçılara daha çox ərə gedə bilmək üçün müraciət olunur: “Keçmişdə deyirdilər ki, filankəsə vergi verilib, seyiddir, vergi verilibsə, hər işi bacarır, yanına getməliyik. Əvvəllər falçı yanına gedən ən çox o analar olurdu ki, qızlarını daha tez ərə vermək istəyirdilər. Nəzərə alsaq ki, elm, texnologiya inkişaf edib, indi qızlar artıq nə istədiklərini bilirlər. Nə istədiklərini bilən adam, əlbəttə ki, seçim edəcək. Bu isə zaman tələb edir. Zamanla yaş yaşın üstünə gəlir. İndiki qızlar - oxumuş, savadlı qızlardan söhbət gedir, 25-27 yaşından tez ailə qurmurlar. Artıq nə istədiklərini bilirlər. Səmiyyətimə inanın, doğru-düzgün insanla evlənməlisiniz. “Kiminsə əri olsa, xoşbəxt olacaq” deyə bir şey yoxdur. İnsan ərsiz də xoşbəxt olar. Sadəcə, nə istədiyini, həyatdan nə gözlədiyini bilməli, bunun uğrunda mübarizə aparmalıdır”. 
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.