Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Gələcəkdə oğlanların evlənməsi çətinləşəcək” — Selektiv abortlardan on illər sonra...

“Gələcəkdə oğlanların evlənməsi çətinləşəcək” — Selektiv abortlardan on illər sonra...

“Gələcəkdə oğlanların evlənməsi çətinləşəcək” — Selektiv abortlardan on illər sonra...
2023-10-11 , 16:55

11 oktyabr Beynəlxalq Qızlar Günüdür. 


Demokrat.az xəbər verir ki, Türkiyənin təklifi ilə 2012-ci ildən etibarən BMT bu tarixi Beynəlxalq Qızlar Günü elan edib. 

Təəssüf ki, bu gün Azərbaycanda selektiv abortlar artır. Bir çox ailələr ya qız uşağının doğulmağına icazə vermir, ya da qızlar ikinci plana atılır, onlara xoş münasibət bəslənmir. Hətta illərlə uşaq sahibi ola bilməyən cütlüklər süni mayalanma üçün həkimə müraciət etdikdə oğlan uşağına üstünlük verirlər. Cinsiyyətinə görə doğulacaq körpəsinin həyatına ana bətnindəcə son qoyanlar görəsən bunun gələcəkdə doğuracağı problemlərdən xəbərdardırmı?  

Sosioloq Elçin Bayramlı deyib ki, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq son illərdə təmamilə əks tendensiya müşahidə olunur.



O, Demokrat.az-a açıqlamasında abortu cinayət adlandırıb:


“Abort açıq-aşkar insan qətlidir. Təəssüf ki, buna görə cəza yoxdur. Elm artıq təsdiq edib ki, iki aydan sonra bətndəki döl bir insandır. Deməli, abort insan qətli deməkdir”. 

Ekspert qeyd edib ki, qız uşaqlarının abort edilməsinin sosial-iqtisadi və mənəvi-psixoloji səbəbləri var:

“Bir çox yoxsul ölkələrdə ailələr qız uşağının doğulmağında maraqlı olmur. Çünki oğlan uşağı bir az böyüyən kimi işləyir, ailəyə dəstək olur, vaxt keçdikcə ailənin himayəçisinə çevrilir. Qız uşağı isə bu işləri edə bilmir, üstəlik ailə qurması üçün cehiz lazımdır, vaxtı gələndə də ailə qurur, evdən ayrılır, ata-ana qalır tək. Ona görə də kasıb ölkələrdə ailələr  oğlan uşağına üstünlük verir. 

Mənəvi-psixoloji səbəblərə gəldikdə isə bizdə oğlan uşağına nəslin davamçısı kimi baxırlar. Bu onlar üçün daha vacibdir. Düşüncə formalaşıb ki, indiki vaxtda qız uşaqlarını böyütmək çətindir, onların ailə qurması var, insanlar buna problem kimi yanaşır. Buna görə də hətta ard-arda, neçə dəfə qız uşağı olursa, hər dəfə də abort etdirirlər. Cəmiyyətimizdə oğlu olmayan sonsuz sayılır – “kişinin oğlu olar” məsəli...”.

E.Bayramlının fikrincə, abort qanunla qadağan olunmalıdır:

“Selektiv aborta görə isə ikiqat cəza olmalıdır. Təklif edirəm ki, abort etdirən şəxslər ömürlük həbs olunsun. Burada tibbi göstəriş istisna edilə bilər. Hansı ki, ya uşağın, ya da ananın həyatı üçün təhlükə var. Nə qədər ki, abort ağır cinayət kimi qəbul olunmayıb, getdikcə sayı artacaq. Görürük ki, maarifləndirmə heç bir effekt vermir. USM müayinəsində cinsiyyətin deyilməməsi kimi bir qayda tətbiq olundu. Bunun da heç bir xeyri olmadı. Dövlət siyasəti sərtləşdirilməlidir. İnzibati tədbirlər olmasa, insanlar məsələnin mahiyyətini dərk etmir.

Qız uşaqlarının abortu artdıqca əhalinin demoqrafik balansı pozulur. Gələcəkdə oğlanların evlənməsi çətinləşəcək. Təbii bioloji bir balans var ki, insanlar yaradılışdan bu balansla yaşayıb. Cəmiyyətdə qadın-kişi nisbəti olmalıdır. Bu pozularsa, ciddi sosial, demoqrafik problemlər yaranar”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.