Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Çeşid bol, keyfiyyət yox - ARAŞDIRMA

Çeşid bol, keyfiyyət yox - ARAŞDIRMA

Çeşid bol, keyfiyyət yox - ARAŞDIRMA
2023-11-15 , 04:06

Piylənmə, ürək xəstəlikləri kimi sağlamlıq problemlərinə görə əksəriyyət yağdan imtina edir, lakin yağsız qidalanma da mümkün deyil. Çünki yağ, insanın qidalanmasında əsas əhəmiyyət kəsb edən qidalardandır və orqanizmin ona ehtiyacı var. Yaxşı, bəs nə etməli? Mağazada çeşidbəçeşid, növbənöv olan hansı yağı almalı ki, sonra sağlamlığımızdan olmayaq?

Yağ niyə vacibdir?
Yağlar insan orqanizminin aclıq vəziyyətində uzun müddət dözə bilməsini təmin edən enerji ehtiyatlarıdır. Onlar gün ərzində insanın hərəkəti zamanı tələb olunan enerjinin təxminən 80-90%-ni təmin edirlər. Digər tərəfdən, onlar hüceyrə membranlarının əsas komponentləridir və hüceyrə mübadiləmizin əsasını təşkil edirlər.
Yağlar həm kişilərdə, həm də qadınlarda müxtəlif hormonların istehsalı üçün vacib qidadır. Onlar həmçinin yağda həll olunan vitaminlərin (A, D, E, K) daşıyıcısıdır və vitamin D sintezini tənzimləyir. Yağ sinir sistemi üçün vacibdir, çünki sinirləri qoruyan təbəqənin yaranmasına kömək edirlər. Müxtəlif araşdırmalar göstərir ki, yağ çatışmazlığı körpələrdə görmə və sinir sisteminin normal inkişafına zərər verir.
Yağlar, həmçinin, böyrək, dalaq, ürək, qaraciyər və beyin kimi daxili orqanları travmalardan qorumaq və soyuq iqlimlərdə bədən istiliyini saxlamaq üçün həyati əhəmiyyətə malikdir. Bundan əlavə, zülal və su ilə birlikdə dəriyə təbii yumşaqlıq və elastiklik verir. Orqanizmimizə zərərli olan yağlar qida sənayesində tez-tez istifadə edilən hidrogenləşdirilmiş marqarinlər və qablaşdırılmış qidalarda tez-tez qarşılaşdığımız trans yağlardır (doymamış yağlar). Təbii qidalar vasitəsi ilə qəbul etdiyimiz yağlar orqanizm üçün çox faydalıdır.
Trans yağ restoranlar üçün fürsətdir
Trans yağlar doymamış yağların bir forması kimi tanınır. Onlar həm təbii, həm də süni formada olur. Təbii trans yağları iribuynuzlu mal-qara, qoyun və keçi kimi heyvanların ət və süd məhsullarında olur. Süd məhsullarında yağın 2-6%-ni, mal və quzu ətlərindəki yağın 3-9%-ni trans yağlar təşkil edir. Araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, bu yağların balanslı qəbulu zərərli deyil. Bununla belə, sənaye üsulu trans yağlar sağlamlıq üçün təhlükəlidir. Lakin sənaye üsulu trans yağlar, yağların otaq temperaturunda bərk qalması üçün emala məruz qalması və tərkibinin dəyişdirilməsi zamanı yaranır ki, bu da təhlükəni ikiqat artırır.
Trans yağ turşuları isə, doymamış yağların sərtləşməsinin və otaq temperaturunda bərk qalmasının qarşısını almaq məqsədi daşıyan hidrogenləşmə adlanan proses zamanı istehsal edilmiş yağlardır. Trans yağ turşuları ürək sağlamlığı üçün təhlükəlidir və xərçəng üçün risk yaradır. Bu növ yağlar, marqarinlər, fast food, hazır şirniyyatlar və qızardılmış qidalarda istifadə edilir.
Trans yağların istifadəsi asan, istehsalı ucuz və uzunömürlü olduğu məlumdur. Trans yağlar qidalara xüsusi dad və tekstura verir. Bir çox restoran və fast-food yerləri qidaları qızartmaq üçün trans yağlardan istifadə edir. Çünki trans yağlar dəfələrlə istifadə oluna bilər, təkrar-təkrar kartof, peraşki, qutab, nagget qızardıldıqda belə yağ yanmır, qaralmır. Bu da müəssisəyə sərf edir, eyni yağı günlərlə istifadə edə bilir. Lakin bəzi ölkələr qida xidməti müəssisələrində trans yağların istifadəsini azaldıb və ya tamamilə məhdudlaşdırıb.
Amerika Ürək Dərnəyi tövsiyə edir ki, qandakı zərərli xolesterolu azaltmaq üçün insanlar trans yağ qəbulunu azaltmalı və doymuş yağ istehlakını ümumi kalorinin 5%-6%-i ilə məhdudlaşdırmalıdırlar.
Bitki yağları və demans xəstəliyi
Mütəxəssislərin fikrincə, qida rasionumuza bitki yağları əlavə etməklə, demans riskini artırırıq. Araşdırmalara görə, bu növ yağlar digər yağlardan daha çox beyində qan axımını yavaşladır. Ümumiyyətlə, həkimlər bu məsələdə iki cəbhəyə bölünür. Bir qisim həkim kərə yağı və heyvan mənşəli yağların üstün olduğunu və bitki yağlarının zərərli olduğunu deyir, digər qisim isə bitki yağlarının zərərsiz olduğunu. Birinci qisim hesab edir ki, evlərdə bitki yağlarının geniş istifadəsinin səbəbi münasib qiymətinin olmasıdır.
Palma yağı, qarğıdalı yağı, soya yağı, günəbaxan yağı, pambıq yağı və düyü yağı kimi bitki yağlarının istifadəsinin yorğunluq, miqren və hətta demans kimi psixi pozğunluqlara səbəb ola biləcəyini deyən həkimlər bu yağların istifadəsini azaltmağı, alternativ kimi zeytun yağından istifadəni məsləhət görürlər.
Bəs biz nə yeyək?
Heç kəsə sirr deyil ki, milli xörəklərinin bişirilməsində, əsasən, kərə yağından istifadə edilir. Heyvan yağlarından yalnız kərə yağı (duz vurmadan) az miqdarda istifadə etmək olar– gün ərzində bir çay qaşığı. Ümumiyyətlə, emal olunmuş yağlardan ən xeyirlisi zeytun yağıdır. Zeytun yağının tərkibi minerallar və vitaminlərlə zəngindir. Bu yağ acqarına 1-2 çay qaşığı qəbul edildikdə bir çox xəstəlikləri müalicə edir.
Orqanizm təbii yağları sevir. Təbii yağlar qoz-fındığın, tumların tərkibində kifayət qədərdir. Bunlarda zülal, yağ, karbohidrat, vitaminlər, mikroelementlər və günəş enerjisi cəmləşib. Lakin yağla zəngin olan bu qidaları həddən çox qəbul etmək pis nəticələr verə bilər. Qoz-fındığı, badam-püstəni çiy yeyin.
Zeytun yağı yağlar arasında ən sağlam yağ hesab edilir, qida rasionuna onu daxil etmək daha məntiqli olar. Zeytundan əldə edilən yağın tərkibindəki vitaminlər, minerallar, polifenollar və mikroelementlər mədə mikroflorası və mikrofaunasına faydalıdır, xərçəng və 2-ci tip diabetə qarşı profilaktik təsir göstərdiyi də araşdırmalarla sübut edilib.
Lalə Mehralı/Səs qəzeti
Çeşid bol, keyfiyyət yox  - ARAŞDIRMA
Çeşid bol, keyfiyyət yox  - ARAŞDIRMA
Çeşid bol, keyfiyyət yox  - ARAŞDIRMA

Çeşid bol, keyfiyyət yox  - ARAŞDIRMA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.