Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “10 nəfərlik qəbir yeri götürüb. Nə qaçaqaçdır?!” - Əməkdar artistdən sərt sözlər

“10 nəfərlik qəbir yeri götürüb. Nə qaçaqaçdır?!” - Əməkdar artistdən sərt sözlər

“10 nəfərlik qəbir yeri götürüb. Nə qaçaqaçdır?!” - Əməkdar artistdən sərt sözlər
2023-11-16 , 15:49

Ölkəmizdə elə qəbiristanlıqlar var ki, yanından ötən zaman qeyri-adiliyi ilə insanın diqqətini cəlb edir. Bəzi şəxslər dünyadan köçən yaxınlarının xatirəsini əbədiləşdirmək üçün külli miqdarda vəsait xərcləməyə xəsislik etmirlər. Bahalı mərmərdən qəbir daşları, qranit heykəllər... Bəs axirət dünyası üçün bu qədər ehtişama ehtiyac varmı? 

Əməkdar artist Ağalar Bayramov sözügedən mövzu ilə bağlı “Yeni Sabah”a danışıb.
O bildirib ki, xarici ölkələrdə bu məsələyə yanaşma tamamilə fərqlidir:
“Mən Belçika, Almaniya, İngiltərə kimi müxtəlif ölkələrə səfərlər etmişəm. Həmin ölkələrdə nəinki məzarlıqlar, hətta hasarlar da bizim ölkədən çox fərqlənir. Belə ki, hər kəs evinin önündə 1 metrə qədər taxtadan sədd çəkdirib. Çox da qəşəng görünür. Ancaq bizdə baxırsan ki, adi hasar belə necə də hündür və dəbdəbəlidir. Sanki hasar deyil, qaladır. O ki qaldı ölkəmizdəki qəbirlərə, bu daha dəhşətli məsələdir. Almaniyanın Köln şəhərindəki məzarlıqdan misal gətirmək yerinə düşərdi. Buradakı qəbirlərin hündürlüyü 80 sm-dir. Üzərində isə təkcə mərhumun ad, soyadı və doğum-ölüm tarixi qeyd edilib. Həmin yer adətən parkı xatırladır. Gül-çiçəklər, müxtəlif yaşıllıqlarla bəzədilib. Ərazinin abad və təmiz olmasına isə xüsusi şirkət nəzarət edir. Həmçinin bütün dəfn işləri də bu quruma məxsusdur. Hər gün şirkət işçiləri qəbirləri təmizləyir, sulayır və diqqət göstərirlər. Vəfat edən şəxsin yaxını şirkətə mütəmadi olaraq 50-60 qəpik miqdarında ödəniş edir. Bu isə çox cüzi məbləğdir. Ancaq həmin pulu ödəməyən şəxslərin yaxınlarına aid qəbirlər kimsəsiz hesab olunur və baxımsız qalır. Bu cür məsələlərə görə, düşünürəm ki, bizim Avropadan öyrənməli olduğumuz çox məqam var. 
Ağalar Bayramov yas mərasimlərinə sərvət xərcləyən şəxslərdən də danışıb: 
“Bizim qəbiristanlıqlara baxanda iri ölçüdə və dəbdəbəli məzar daşları görürük. Elə qəbirlər var ki, hətta yanında ölən adam üçün heykəl də qoyulub. Fikir vermisinizsə, heç dünyanın ən varlı ölkələrindən olan Dubayda belə bir mənzərə yoxdur. Bizim ölkədə ölən şəxsin ailəsi o torpağa verilmədən çadırdan tutmuş, məzar daşına qədər xərcləri hesablamalı olur. Yas mərasimlərinə çəkilən xərclər insanları borc almağa vadar edir. Ancaq bəzi yerlər var ki, artıq burada ehsan verilməsi qadağandır. Məclislərdə süfrəyə sadəcə çay, limon və halvanın təqdim olunmasına icazə var. Ancaq bu qaydanı bir sıra yerlərdə yox, bütün ölkədə təbliğ və tətbiq etmək gərəkdir. Elə varlı adamlar var ki, yas mərasiminə 30-40 min pul xərcləyir. Hətta məzarlıqlarda 10 nəfərlik yer alanlar da var. Axı bu nə qaçaqaçdır? Mən bu işin tamamilə əleyhinəyəm”.
Əməkdar artist insanlara səslənərək bildirib ki, bu məsələ barədə çox ciddi şəkildə düşünmək lazımdır:
“Mən belə adamlara demək istəyirəm ki, gəlin, ətəyinizdən daşı tökün. O dünyada varlı-kasıb ayrımı yoxdur. Ölüyə 2 metrlik kəfən lazımdır, vəssalam. Bu əməllərinizdən əl şəkin. Bu, böyük israfçılıqdır. Varlılar bunu düşünməsə də, onlara baxıb, özünü oda-közə vuran kasıblar borc-xərcə düşərək, yas mərasimləri təşkil edir. Kasıb da istəyir ki, dünyadan köçən yaxını üçün yaxşı ehsan verə bilsin. Ancaq bunun nə fərqi, nə də önəmi yoxdur. Gəlin, özümüzə qayıdaq. Sanki bəhsə-bəs edirik”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.