Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qalib Salahzadə: "Şeyx villasını tikəndə məndən 260 min dollar borc aldı"

Qalib Salahzadə: "Şeyx villasını tikəndə məndən 260 min dollar borc aldı"

Qalib Salahzadə:
2024-01-15 , 18:24

“Şeyxin də, mənim də arxamca nələr deyirlər. Bunlar həmişə olacaq. Nə edək? Hər kəs özünə görə danışır, qabiliyyətləri budur. Oturmuşam həmin o yekə villada. Vaxtilə bir jurnalist soruşdu ki, bu villanı sən tikmisən? Dedim ki, yox, anam tikdirib. Elə bu cür də dedim. Bu adamlar kasıb, yazıq, "bir həsir, bir Məmmədnəsir” olublar. Yəqin ki, beş-on manat gəlirləri, cürbəcür yerlərdən qazancları olub. And olsun Allaha, Şeyx o cür ev tikdirəndə mən özüm ona 260 min dollar borc pul vermişəm. Şeyx ondan-bundan borc edib gedib ev tikib ki, ayıbdır, gələn var, gedən var. Qoy deməsinlər ki, Şeyx gör harada yaşayır. Bu adamın qonaq-qarası olur. Bəlkə də, mənim kimi dostlarından, üç-beş adamdan da borc alıb, bunu deyə bilmərəm. Mən Allaha öz yerimə and içirəm. Vaxtilə borc vermişəm ki, bu adam ev tikir, sağlıqla tiksin. Bir də ki, hər kişiyə borca pul vermirlər axı. Onun hörməti, avtoriteti, mənliyi olub. Nə qədər istəyir, ona pul vermişəm, mən vermişəm. Əlbəttə, Şeyx indi mənim əlimdən əsəbləşəcək ki, pul vermisən, dəqiqədə deyirsən. İmkanın olmayıb, dostumsan, əlimdən gələni etmişəm. Şeyxin mənim kimi saysız-hesabsız dostları olub. İndi kiməsə hesabat versin ki, mən gedib filankəsdən kömək almışam?” 

 
Bu sözləri Pravda.az-a açıqlamasında Şeyxülislam Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə deyib. 
 
“Mən Səudiyyə Ərəbistanında Səudiyyə Kralının Şeyxə hörmətini, bizi qonaq etməsini gözlərimlə görmüşəm. Şeyx bizi götürüb apardı ki, Kral dəvət edir, gəlin gedək. Şeyxə bir hörmətlər görmüşəm ki. Allah rəhmət eləsin, indi o Kral dünyasını dəyişib. Mən çox şey görmüşəm. İndi isə görməmiş oğlu görməmişlər niyə Şeyxin arxasınca belə söhbətlər danışırlar? Eybi yox, qoy danışsınlar. Deyirlər ki, villası var. Şeyx xırda adamdır bəyəm?”, - o bildirib. 
 
Q.Salahzadə əlavə edib: “Biz Şeyxülislam Allahşükür Paşazadə ilə dost olmuşuq. 1990-cı ildə 20 Yanvar hadisələrində Şeyx bizi dost kimi başına yığdı, dedi ki, 20 Yanvar şəhidlərimizi dəfn etməyə gedirik. Mən yalan danışan deyiləm, sözün düzünü deyirəm. O vaxtkı Kirov İnstitutu tərəfdə dostlarımla gələndə bizi rus əsgərləri silahla saxladılar. İndi elə bir adam yoxdur ki, deyim, filankəs də orada idi. Şeyx Azərbaycan xalqı üçün əlində nə imkanı olubsa, nəyi bacarıbsa, onu da başına adamları yığıb gedib şəhidlərimizi dəfn edib. Mən bu şeyləri yaşayıb görmüşəm, elə-belə deyil. 2012-ci ildə "Amerikanın səsi" televiziya kanalında Rəsul Quliyevin müsahibəsinə baxmışam. Özü də dəfələrlə baxıram, bir dəfə yox. Siz də o müsahibəyə diqqət yetirin, görün, bu adam Azərbaycanın rəhbərlərinə qarşı nələr deyir. Rəhmətlik ulu öndər Heydər Əliyevə, Allah qorusun, indiki Prezidentimizə qarşı. Deyir ki, Amerika Konqresində görüşlər apardım, belə etdim, elə etdim. Bir sözlə, vətən xaini! Bu yaxınlarda da Rəsul Quliyevin müsahibəsinə baxdım. Bütün bunları deyən adam elə danışır ki, möhtərəm cənab Prezidentimizlə Qarabağda guya sanki bu gedib vuruşub. Həmişə demişəm, indi də deyirəm, Rəsul Quliyev Azərbaycan xalqının düşmənidir. Elə adamlarda hörmətli şəxsləri ləkələmək üçün xüsusi istedad, bacarıq var. Rəsul Quliyevi misal çəkməkdə məqsədim budur ki, Azərbaycanda nə qədər Ramiz Mehdiyevdən qalmış köhnə kadrlar var, belə söhbətlər həmişə olacaq. Bunlar iş başındadırlar. Şeyxülislama qarşı da nə gəldi danışırlar. 44 günlük müharibədə mən hər gün oturub baxmışam ki, görək Prezident İlham Əliyev nə deyəcək. İndi də danışa-danışa məni qəhər basır. Kişi kimi boynuma alıram, müharibədə hər gün ağlamışam. İndi nə edək? Belə adamlar Prezidentə də, Birinci vitse-prezidentə də qarşı nə gəldi danışırlar. Vallah, Allah bəlalarını verəcək. Çünki hamısı gördülər ki, cənab Prezident 44 gündə, 24 saat tamam olmamış anti-terror əməliyyatlarında nələr etdi. 200 illik söhbəti bir günə həll etdi. Hər gün gedən prosesləri izləyirəm”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.