Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR
2024-01-31 , 13:42

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla uçot dərəcəsi 8%-dən 7,75%-ə, faiz dəhlizinin aşağı həddi 6,5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8,75%-ə endirilib.

 
Sfera.az AMB-yə istinadən xəbər verir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib. AMB bildirib ki, İdarə Heyətinin pul siyasətinə həsr edilən ötən iclasından (2023-cü ilin dekabrı-red.) bəri illik inflyasiya tempi azalıb. 2023-cü ildə 12 aylıq inflyasiya 2,1% təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində formalaşıb:
 
“İnflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilib. İllik ərzaq inflyasiyası 0,8%, qeyri-ərzaq inflyasiyası 2,7%, xidmətlər inflyasiyası isə 3,7% təşkil edib”.
Qeyd edək ki, Azərbaycanda inflyasiya sürətinin azalması ilə əlaqədar AMB 2023- cü ilin oktyabrından faizləri endirir. Oktyabra qədər 9 faiz olan uçot dərəcəsi əvvəlcə 8,5 faizə, dekabrda 8 faizə salınmışdı. Bugünki qərarla uçot dərəcəsi bir qədər də endirilmiş oldu. Uçot dərəcəsi inflyasiyaya uyğun olaraq tənzimlənir. Ölkədə inflyasiya güclənəndə uçot dərəcəsi artırılır, azalanda isə uçot dərəcəsi azaldılır. AMB uçot dərəcəsi ilə banklara kredit verir. 2024-cü ilin yanvarın 1-nə olan məlumata əsasən bankların AMB-dən uçot dərəcəsi ilə aldığı borc 664,2 milyon manatdır. Bir il əvvəlki tarixlə müqayisədə AMB-nin uçot dərəcəsi ilə verdiyi kreditin həcmi 171,2 milyon manat azalıb. Banklar aldıqları bu borcları uçot dərəcəsindəki dəyişikliyə uyğun qaydada hesablayaraq qaytarmalıdırlar

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.