Mediatorlar və komissiya üzvləri ilə görüş keçirilib
Mediasiya Şurasının həyata keçirdiyi tədbirlər planına uyğun olaraq Sumqayıt 1 saylı Mediasiya Təşkilatı ilə Sumqayıt şəhər İcra hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya arasında əməkdaşlıq çərçivəsində mediatorlar və komissiya üzvləri ilə görüş keçirilmişdir.
Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar şöbənin müdiri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Ülviyyə Müzəffərova, komissiyanın məsul katibi Mehman Vəliyev və komissiya üzvü uşaqlarla iş üzrə məsləhətçi-psixoloq Aynur Eyvazova, Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov və mediator Xanlar Sətullayev iştirak etmişlər.
Ölkəmizdə yeni yaranan mediasiya xidmətinin praktiki məsələləri, xüsusilə də ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya xidmətinin səmərəliliyi və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın zəruriliyi barədə müzakirələr aparılmışdır. Mediasiya xidməti, Mediasiya Şurası və Sumqayıt şəhərində Mediasiya təşkilatının fəaliyyəti haqqında məlumat verən təşkilat rəhbəri Etibar Həsənov 2023 cü il ərzində baxılan ailə mübahisəsindən 479 iş üzrə sazişi bağlandığını qeyd etmiş, İHB-nın müavini Ülviyyə Müzəffərova və komissiyanın məsul katibi Mehman Vəliyəv isə bu sahədə daxil olan şikayətlərin təxminən eyni sayda azaldığını bildirərək, keyfiyyətli mediasiya xidmətinin həqiqətən də vətəndaş məmnunluğunu təmin etməsini və müvafiq icra hakimiyyəti orqanlarının və məhkəmələrin iş yükünün azalmasına kömək etdiyini qeyd etmişlər. Tədbirin sonunda qurumlar arasında əməkdaşlığın davam etdirilməsi və bu kimi görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyəti qeyd edilmişdir.
OXŞAR XƏBƏRLƏR