Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Cənub zonası qızılca ilə bacarmır

Cənub zonası qızılca ilə bacarmır

Cənub zonası qızılca ilə bacarmır
2024-02-21 , 16:43

“Bölgələrdə virus çoxalır, çünki peyvəndlərə inanmırlar, ona görə...”- pediatr

Cəlilabad rayonunda son on gün ərzində 83 nəfər qızılca virusuna yoluxub. “Report”un Muğan bürosunun məlumatına görə, noyabr ayından bugünədək yoluxma sayı 576 nəfər təşkil edir.  Yoluxanlardan 18 yaşdan kiçiklər 379 nəfər, 18 yaşdan böyüklər isə 197 nəfərdir. Hazırda aktiv xəstə sayı 83 nəfərdir. Xəstələrdən 1-i stasionar şəraitdə müalicə olunur. Qeyd edək ki, ötən gün 8 nəfər bu virusa yoluxub. Lənkəran rayonunda isə azyaşlı qız qızılcadan ölüb. Rayonun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Qusarda isə  7-ci sinif şagirdi yüksək hərarətdən vəfat edib. Bu barədə Qusar şəhər 4 nömrəli tam orta məktəb məlumat yayıb. Bildirilib ki, VII “A” sinfində təhsil alan Naida Yarəhmədova Namiqovna fevralın 17-də dünyasını dəyişib. 
İlkin ehtimala görə, N.Yarəhmədova qızılca xəstəliyi səbəbindən səhhətində yaranan ağırlaşma nəticəsində həyatını itirib. 
Gəncədə isə 9 yaşlı qız xəstəxanada ölüb. Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib. Lakin həkimlərin səylərinə baxmayaraq 9 yaşlı qız vəfat edib. R.Həsənovanın 20 gün əvvəl qızılcaya yoluxduğu bildirilir. İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. Ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. 
Son vaxtlar ölkədə yayılan qızılca sayında cənub bölgəsinin üstünlük təşkil etməsi nə ilə bağlıdır?
Vaqif Qarayev: "Qurd olan uşaqların yediyi canına yatmır” Ucnoqta.az
Vaqif Qarayev 
Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qızılcanın epidemiya olaraq stabilləşməməsinin yeganə səbəbi peyvəndin tətbiq edilməməsidir: “Cənub bölgəsində peyvəndlərə inam çox azdır. Az qala hər gün saytlarda oxuyuruq - filan rayonda filan yaşlı uşaq qızılcadan öldü.  Bütün hallarda da yazılır, həkimə gec müraciət olunub. Peyvənd elətdirmirlər, amma xəstə uşağı vaxtında həkimə çatdırmağa nə mane olur?! Həkimə gec müraciətin bir səbəbini deyim: yaşlı insanlarda bir fikir formalaşıb ki, qızılcalı uşağa iynə-dərman olmaz. Heç kim inciməsin, hara baxırsan cahillikdir Peyvənd vurdurmamaq tibbin əleyhinə getməkdir! Həkimə müraciət etməmək cahillikdir. Bəzi yerlərdə hətta qızılcaya yoluxanlara bayram edirlər, qırmızı geyindirirlər, amma müalicə etmirlər. Bu çox pis haldır. Hələ də o dövrdə qalmışıq. Həmkarlarımın dediyinə görə, bütün ölüm hadisələrində uşağın peyvənd olunmadığı məlum olub. Deməli, bölgələrdə peyvəndləmə zəif aparılır. Necə olur ki, qısa müddətdə məktəb yaşlı uşaqlar ensefalitdən ölür. Bu xəstəliklərin  yoluxucu forması var, məsələn, virus meningiti deyirik. Axı bu, ölkədə yayılmayıb, onu diaqnozlaşdırmaq çox asandır. Xüsusi müayinə metodları, analizləri var. Vəziyyət çox narahatlıq doğurur. Rəsmilər vəziyyətin stabil olduğunu deyir, mediada isə hər gün ölüm xəbərləri yayılır.  Yoluxanların sayı çoxalırsa, stabilləşmə yoxdur demək. Hər gün də virus çoxalmaqda davam edir. Bugünkü qızılcanın bir fərqli cəhəti var, böyüklər yoluxur. Bu, xoşagələn hal deyil. Böyüklər ağır keçirir. Ağırlaşmış virus ölüm verir. Yenə də deyirəm, peyvənddən başqa çarə yoxdur”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.