“ABŞ qantökmə siyasəti ilə məşğul olur” - Yenilənib
“Son 50 ildə ABŞ dünyada baş verən müharibələrdə ya dolayısı ilə, ya da birbaşa iştirak edib”.
“ABŞ sırf qantökmə siyasəti ilə məşğul olur. Bu gün ərəb ölkələrində və digər bölgələrdə insanlar qırılır, burada Amerikanın əli var. Zəngəzur dəhlizinin açılmaması, ora gizli insanların yeridilməsi, Ermənistana birbaşa yardımların göndərilməsi ABŞ-nin təxribatçı addımlarındandır.
Buradan ABŞ-nin havadarlarına - Əli Kərimli və digər vətən xainlərinə demək istəyirəm ki, arzu-istəkləri baş tutmayacaq”, - deyə S.Novruzov bildirib.
***
Vitse-spiker Ziyafət Əsgərov da məsələ ilə bağlı fikirlərini bildirib. Qeyd edib ki, ABŞ dövlət rəsmisinin səsləndirdiyi fikirlər Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir: “Dağlıq Qarabağ” anlayışı yoxdur”.
Z.Əsgərov əlavə edib ki, ABŞ dövlət başçısı Azərbaycan Prezidentinə ünvanladığı məktublarda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında maraqlı olduğunu göstərmişdi, lakin ABŞ rəsmilərinin ölkəmizə qarşı səsləndirdiyi fikirlər ikiüzlülük və riyakarlıq nümunəsidir:
“Ermənistan 30 il ərzində nəinki etnik, həm də ekoloji terror törədib. Ermənilər tərəfindən su ehtiyatlarımız, flora və faunamız məhv edilib, təbii sərvətlərimiz talanıb. Kütləvi məzarlıqlarda tapılan şəxslərin ermənilər tərəfindən nə dərəcədə şiddət və təcavüzlərə məruz qaldıqları aşkarlanıb. Azərbaycan beynəlxalq hüquq və normaları öz siyasətinə prioritet hesab edib. Ona görə də dövlətimiz yalançı ifadələrə qarşı qətiyyətlə və adekvat şəkildə mübarizə aparacaq”.
***
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə vurğulayıb ki, ABŞ ilə münasibətlərə yenidən baxmaq lazımdır: “Bu, ABŞ-nin atdığı birinci qərəzli addım deyil. ABŞ COP29-un ölkəmizdə keçirilməsinə razılıq verib. Daha sonra bununla bağlı Dövlət Departmenti vasitəsilə başqa fikir bildirilib. Ümumiyyətlə, ABŞ-nin regionumuzda siyasətinin səmimiliyinə inam itib. Biz ABŞ-la əlaqələrimizi ciddi surətdə gözdən keçirməliyik”.
***
Milli Məclisin deputatı Vüqar Bayramov xatırladıb ki, Azərbaycan torpaqları 30 il işğalda qalıb: “Ermənistan işğal altında saxladığı torpaqlarda törətdiyi terrorla ölkəmizə yüz milyard dollar ziyan vurub. Azərbaycan isə son 3 ildə Qarabağ və Şərqi Zəngəzuru bərpasına 10 milyard dollar ayırıb. Ermənistan dağıdır, Azərbaycan bərpa edir. Fərq budur.
Ermənistanın tamamən dağıtdığı ərazilərə baxıb Azərbaycanın suveren hüququ dəstəklənməli idi. Lakin bir sıra ölkələr qərəzli davranışlar, addımlar sərgiləməyə davam edir. SSRİ hakimiyyəti zamanı Ermənistanda 170 milyondan çox azərbaycanlı yaşayırdı. 1989-cu ildə isə Ermənistan statistikasında göstərilir ki, bu ərazilərdə bir azərbaycanlı belə yaşamır. 700 minə yaxın azərbaycanlı öz ata-baba yurdundan didərgin salınıb. 30 il müddətində 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Lakin bütün bunlara rəğmən ABŞ ölkəmizə qarşı qərəzli davranışlar sərgiləyir. Amma bu addımların heç bir nəticəsi olmayacaq və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında günü-gündən daha da güclənəcək”.
OXŞAR XƏBƏRLƏR