Yenilik.Az
www.Yenilik.Az » Dünya » Rəsmi Vaşinqtonun və Brüsselin əsl niyyəti sülh prosesinə töhfə vermək deyil - RƏY

Rəsmi Vaşinqtonun və Brüsselin əsl niyyəti sülh prosesinə töhfə vermək deyil - RƏY

Rəsmi Vaşinqtonun və Brüsselin əsl niyyəti sülh prosesinə töhfə vermək deyil - RƏY
2024-03-27 , 23:59

Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan Avropa İttifaqı (Aİ) -Ermənistan-ABŞ müştərək konfransı mahiyyət etibarilə Aİ və ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə tərəf kimi yanaşdıqlarını göstərir. Bu da, heç şübhəsiz, sözügedən dövlət və təsisatın Bakı ilə İrəvan arasında sülh prosesində tərəfsiz və ədalətli mövqe sərgiləyəcəklərini tamamilə şübhə altına alır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.
“ABŞ-ın və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bu günədək sərgilədikləri davranışlar Vaşinqton və Brüsselin əsl niyyətlərinin sülh prosesinə töhfə verməkdən ibarət olduğunu söyləməyə əsas vermir”, - deyən siyasi ekspert diqqətə çatdırıb ki, Avropa İttifaqı Şurası Prezidentinin vasitəçiliyi ilə Brüsseldə aparılan danışıqlardan sonra prosesə Aİ-nin üzvü olan dövlətlərin, xüsusilə də Fransanın müdaxiləsi üçün imkanın yaradılması əsas məqsədin normallaşma prosesini konkret geosiyasi qütbün meydanına daşımaqdan və müxtəlif bəhanələrlə regiona müdaxilə üçün mexanizmlər formalaşdırmaqdan ibarət olduğunu düşünməyə əsas verir. Azərbaycan ilə Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialı ilə bağlı Praqada keçirilən dördtərəfli görüşdə əldə olunan razılaşmanın müəyyən zaman kəsiyindən sonra davamlı olaraq pozulması, missiyanın tərkibinə hərbçilərin, xüsusi xidmət orqanları əməkdaşlarının, hərbi analitiklərin, təlimçilərin, mühəndis-istehkam qurğuları üzrə mütəxəssislərin, eləcə də Aİ-yə heç bir aidiyyəti olmayan Kanadanın daxil edilməsi də sübuta yetirir ki, məqsəd Ermənistanda “mülki missiya” adı altında hərbi mövcudluğun təmin olunmasından ibarət idi.
Vurğulanıb ki, missiya fəaliyyətə başladığı ilk gündən Azərbaycan əleyhinə əsassız iddiaların “bəhanə generatoru” funksiyasının yerinə yetirilməsi ilə məşğul olmağa başlayıb və bütün fəaliyyətini sözügedən istiqamətdə qurub. Təsadüfi deyil ki, hər dəfə de-fakto olaraq NATO-nun Ermənistandakı missiyası rolunu yerinə yetirən AİEM-in “müşahidəçiləri”nin sayının artırılması rəsmi İrəvanın sülh prosesindən yayınmaq üçün yeni iddialarla çıxış etməsinə, pozuculuq fəaliyyətini genişləndirməsinə zəmin yaradıb. Bununla paralel olaraq, “Azərbaycan müharibəyə hazırlaşır”, “Ermənistanın müdafiəyə ehtiyacı var” kimi tezislərin məqsədyönlü şəkildə beynəlxalq gündəliyə daşınmasına, bu əsassız iddiaların, bəhanələrin fonunda Ermənistanın silahlandırılmasına, regionda hərbi balansın pozulmasına, revanşist meyillərin gücləndirilməsinə, sülh danışıqlarının tamamilə dalana dirənməsinə cəhd göstərilir. Məlum olduğu kimi, 30 ilə yaxın vaxtda Azərbaycan torpaqlarını işğal altında saxlayan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyən, azərbaycanlıları etnik təmizləməyə məruz qoyan, ağır müharibə cinayətləri törədən Ermənistanın adı heç bir fundamental əsas olmadan “Avropa Sülh Fondu” adlandırılan, əslində isə “müharibə fondu” funksiyasını yerinə yetirən təsisatın siyahısına salınıb.
“Belə anlaşılır ki, Aİ-nin və ABŞ-ın məqsədi Ermənistanı yenidən azərbaycanlılara qarşı soyqırımı cinayətləri, vandalizm aktları törətməyə sövq etməkdən ibarətdir. Bir tərəfdən sülh prosesini dəstəklədiklərini ifadə edən, digər tərəfdən isə regionda yeni müharibənin alovlanması üçün Ermənistanı birbaşa və ya Hindistan kimi ölkələr vasitəsilə silahlandıran ölkə və dövlətlərin davranışlarından belə başa düşülür ki, onların sülhlə bağlı öz yanaşmaları var. Onların “sülhü”, əslində, işğala, dəhşətli müharibə cinayətlərinə, vandalizm aktlarına, Azərbaycana vurduğu yüz milyardlarla dollarlıq ziyana görə cavab verməli olan Ermənistanın mükafatlandırılması, bu ölkənin başqa bir geosiyasi qütbün forpostuna çevrilərək potensial təhlükə mənbəyi missiyasını davam etdirməsi anlamına gəlir”, - deyə E.Mirzəbəyli vurğulayıb.
Onun sözlərinə görə, aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan müştərək konfransda müzakirə olunacaq mövzular sırasında hərbi komponentlərin yer alması barədə məlumatlar da bir daha Azərbaycanın bu günədək Aİ və ABŞ-ın regiona yönəlik ssenarilərinə münasibətdə sərgilədiyi prinsipial mövqeyində tamamilə haqlı olduğunu təsdiqləyir. Mövcud stimullaşdırıcı addımların davamı olaraq Ermənistanın revanşist meyillərinin güclənəcəyi və real təhlükəyə çevriləcəyi təqdirdə, baş verənlərin məsuliyyəti istisnasız olaraq həm də Aİ və ABŞ-ın üzərinə düşəcək.
Siyasi ekspert vurğulayıb ki, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasının yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək tərəfsiz və qərəzsiz mövqe sərgiləməkdən, sülh səylərinə maneə yaradan addımlardan çəkinməkdən ibarətdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.