Bildirilib ki, son zamanlar dəmiryolu infrastrukturunun normal fəaliyyət göstərməsinə kənar şəxslər tərəfindən müdaxilələr artıb:
“Xüsusilə yük və sərnişin qatarlarının hərəkət etdiyi baş yollarda yolun üst quruluşu elementlərinin oğurluq halları (rels yanlığı, rels altlığı, müxtəlif təyinatlı naqillər, drossel transformatorlar və s.) daha çox baş verir.
ADY və hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcək ağır hadisələrin qarşısı vaxtında alınıb. Dəmir yolu qurğuları və avadanlıqlarının talan edilməsi yol infrastrukturuna küllü miqdarda ziyan vurmaqla yanaşı qatarların real rejim üzrə təhlükəsiz hərəkətinə ciddi risklər yaradır”.
Bildirilib ki, aprel ayının son 12 günü ərzində 7 oğurluq halı baş verib və şübhəli şəxslər saxlanılıb. İnfrastruktura vurulan ziyan dəmir yolları ilə daşınan təhlükəli yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə, o cümlədən sərnişinlərin həyatına ciddi təhlükə yarada bilər.
ADY vətəndaşları dəmir yolları infrastrukturuna xüsusi diqqətlə yanaşmağa, zərər vurmamağa, oğurluğa cəhd halları ilə rastlaşdıqda isə yaxınlıqda yerləşən dəmiryolu stansiyası və hüquq mühafizə orqanlarına dərhal məlumat verməyə çağırır.