Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Özünü polis kimi təqdim edərək taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutulub

Özünü polis kimi təqdim edərək taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutulub

Özünü polis kimi təqdim edərək taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutulub
2023-04-25 , 16:46

Sərnişindaşıma şirkətlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən paytaxt sakini Zeynalabdin Məlikzadə saxlanılıb.
Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyat Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, Zeynalabdin Məlikzadə onlayn yolla taksi şirkətlərinə əsasən iri marketlərin yaxınlığından sifarişlər verib. Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb və özünü polis əməkdaşı kimi təqdim edib. Onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib. Zeynalabdin Məlikzadə taksi sürücülərinə guya onun işlədiyi polis bölməsinə çatdıqları zaman ödənişi qaytaracağını bildirib. Zərərçəkənlər Zeynalabdin Məlikzadənin qeyd etdiyi bölməyə yaxınlaşdıqda isə aldanıldıqlarını anlayıblar. Saxlanılan şəxs taksi sürücülərinin onunla əlaqə saxlamaması üçün onların telefon nömrələrini bloklayıb. Zərərçəkənlərin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə müxtəlif proqramlar vasitəsi ilə nağdlaşdıraraq ələ keçirib. Zeynalabdin Məlikzadənin bu yolla 30-a yaxın taksi sürücüsünə qarşı dələduzluq etdiyi müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Zeynalabdin Məlikzadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, Zeynalabdin Məlikzadə bundan əvvəl də əmlak alqı-satqısı saytlarında saxta elanlar yerləşdirərək vətəndaşları dələduzluq yolu ilə aldatdığı üçün məhkum olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.