Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Tanımadığım adamlar məni şam yeməyinə dəvət edir” - Sonaxanım Əliyeva

“Tanımadığım adamlar məni şam yeməyinə dəvət edir” - Sonaxanım Əliyeva

“Tanımadığım adamlar məni şam yeməyinə dəvət edir” - Sonaxanım Əliyeva
2023-05-30 , 13:31

""Nə gözəldir bu dünya" filmində nəhəng aktyorlarla tərəf müqabili olmuşam. Həsən Turabov, Rasim Balayev, Yaşar Nuri ilə birgə çəkilmək, inanın ki, 24 yaşlı bir gənc aktrisa üçün çox məsuliyyətli bir iş idi. Görkəmli kinorejissor Eldar Quliyevin köməkçisi dedi ki, "sizi filan rola dəvət edirik, gəlin". Onlar mənim bir neçə filmimi görmüşdülər. Bu mənim üçün böyük bir şans idi. İncəsənət universitetinə qəbul olunanda dekanımız Məmmədşah müəllim mənə demişdi ki, "sən universitetin darvazasından içəri daxil olanda, mən həmişə deyirəm ki, Şəfiqə Məmmədovanın davamçısı gəlir". O fakturanı, o səs tembrini yəqin ki, oxşatmışdılar".

Yenilik.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib. Sənətçi bildirib ki, qızını heç vaxt aktrisa olmağa qoymaz.
"Qızımı aktrisa olmağa qoymaram. Amma nə xoş mənə ki, o mənim sənətimi, yolumu seçmədi. Çünki "Pərvanələrin rəqsi" serialında mənim həyatdakı qızım, roldakı qızımı da oynamışdı. Təcrübəsi olsa da, yuxusuz gecələr, çətinliklər onu qorxutdu. Aktyor hər bir şəraitə uyğunlaşmalıdır. İstidirsə istiyə, soyuqdursa soyuğa. Qızım mənə dedi ki, "ana, bəlkə də çoxları elə bilir ki, sizin sənətiniz asan sənətdir, amma ən əziyyətli və qiymətləndirilməyən sənətdir". Mən bu fikirlə razıyam. Tamaşaçılar məni sevir, hara gedirəmsə çox gözəl qarşılayıb, yola salırlar. Amma nə seriallarda, nə də ki, filmlərdə qonorarlar yüksək deyil. İnanıram ki, bu da düzələcək" deyə sənətkar bildirib.
Aktrisa bildirib ki, tanımadığı insanlardan şam yeməyinə dəvətlər də alır.
"Hər zaman mənə istər bəylər, istərsə də xanımlar tərəfindən böyük komplimentlər deyilir. Deyilən komplimentlərə təşəkkür edirəm. Bəzən də olur ki, şam yeməyinə dəvət edirlər, deyirəm ki, "təşəkkür edirəm, mən sizi tanımıram". Deyirlər ki, "tanış olarıq da". Hər insanla əlbəttə ki, şam edə bilmərəm" deyə aktrisa bildirib.
Aktrisa bildirib ki, şəxsi həyatı ilə gündəmə gəlmək istəməsə də, bəzən bu alınmır.
"Nəinki mənim, digər sənətçilərin də şəxsi həyatı insanlar üçün daha maraqlıdır. Jurnalistləri də başa düşürəm, tamaşaçı kütləsi yığmaq istəyirlər. Bu gün hər şeyi reytinq həll edir. Mənim sənətim göz qabağındadır. Hamı bunu görür, izləyir. Şəxsi həyatı gizli saxladığım üçün, ona görə də şəxsi həyatdan suallar verirlər. Heç kimdən nəsə gizlətmirəm" deyə o bildirib.
Aktrisa oynadığı mənfi rollardan da danışıb.
"Mənfi rolları oynamaq daha çətindir. İstənilən rolu oynaya bilərəm. Aktyor plastilindir. Hətta bir dəfə erməni qızını da oynamışdım. Erməni qızını o rolla yerla-yeksan etdim. Elə bil o qadını sağa-sola vurub, yer süpürdüm. Sanki o rolda bütün nifrətimi tökdüm. Çox təhlükəli rol idi. Məlik Dadaşov "Fəryad" filmində erməni rolunu oynayandan sonra bilirsiniz də başına nə gəldi. Tamaşaçılar elə bilirlər ki, biz oynadığımız roldakı insanıq" deyə sənətçi bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.