Yarışların keçiriləcəyi günlərdə zərurət yarandığı hallarda tibbi xidmətlərin operativ şəkildə təşkili məqsədilə 10 məntəqədə çalışmaq üçün 10 həkim və 10 tibb bacısı təhkim olunub. TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin 20 nəfər əməkdaşı da “Formula-1” yarışları boyunca xidmət göstərəcək.
Stasionar müalicənin tələb olunduğu halların yarana biləcəyi ehtimalı nəzərə alınaraq Mərkəzi Neftçilər Xəstəxanasında 1 şöbə (5 palata) ayrılaraq bütün lazımi avadanlıqlarla təchiz olunub, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzi hazır vəziyyətə gətirilib. “Formula-1” üçün yaradılmış səyyar hospital üçün tələb olunan dərman, tibbi ləvazimatlar və avadanlıqlar TƏBİB tərəfindən təchiz olunub.
Yarış xətti boyunca iştirakçılara, “Formula-1” çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım postları qurulub. İdmançılar üçün trekdə 12, tamaşaçılar üçün 8 tibbi briqada daimi şəkildə fəaliyyət göstərəcək.
Qeyd edək ki, TƏBİB 4 ildir Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “Formula-1” Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.