Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib

İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib

İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib
2023-04-27 , 14:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edib.

Yenilik.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmasının zəruriliyini bildirərək Ketrin Kolonnanın ölkəmizə səfəri zamanı bir çox məsələlər ətrafında hərtərəfli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edib, bunun gələcək əməkdaşlıq üçün faydalı ola biləcəyini vurğulayıb. Dövlətimizin başçısı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsinin növbəti mərhələ üçün yol xəritəsinin tərtib edilməsi baxımından önəmli olduğunu bildirib.
Azərbaycan Prezidenti ikitərəfli münasibətlərin gündəliyinin həmişə çox geniş olduğunu deyib, siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və digər sahələrdə əməkdaşlığın yaxşı tarixə malik olduğunu qeyd edib.
Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirinin regiona səfər etdiyini vurğulayaraq bu çərçivədə eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin də müzakirə olunacağına ümidvarlığını bildirib.
Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim etdiyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir. Bu xüsusda dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirirdi.
Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu qeyd edib.
Katrin Kolonna Fransa Prezidenti Emmanuel Makronun salamlarını dövlətimizin başçısına çatdırıb. Vurğulayıb ki, Emmanuel Makron Azərbaycan Prezidenti ilə açıq və mütəmadi əlaqələrə çox önəm verir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Emmanuel Makrona çatdırmağı xahiş edib.
Katrin Kolonna bildirib ki, Fransa Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda sülhün, iqtisadi və sosial inkişafın mövcud olmasını istəyir və ölkəsinin məqsədi həmişə bundan ibarət olub. Qonaq Fransanın ikitərəfli əlaqələrə, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əlaqələrə böyük önəm verdiyini bildirərək bu istiqamətdə geniş potensialın mövcud olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.