Niyə daha çox qadınlar depressiyaya düşürlər? - AYDINLIQ GƏTİRİLDİ

"Depressiya ən çox yayılan psixoloji pozuntu olmaqla Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə inkişaf etmiş ölkələrdə vaxtında müalicə olunmadıqda ən çox əlilliyə səbəb olan 3 xəstəlikdən biridir". Bu sözləri SİA-ya açıqlamasında "Aura" psixologiya, nitq və fərdi inkişaf mərkəzinin direktoru, psixoloq, psixoterapevt, cinsəl terapist, yaşam və ilişki koçu Xanlar Sətullayev deyib.

Onun sözlərinə görə, bu cür düşüncələr insanın normal halda rahatlıqla edə biləcəklərini çətinləşdirir, həyat keyfiyyətini olduqca aşağı salır: "Depressiyaya hər yaşda rast gəlinə bilər. Lakin araşdırmalar göstərir ki, qadınlar daha çox və daha tez-tez depressiyaya düşürlər. Məsələn, yeniyetmələr arasında qızlar oğlanlara nisbətən depressiyadan daha çox əziyyət çəkirlər. Alimlərin fikrincə, bunun müxtəlif səbəbləri var. Əsas səbəblərdən bir neçəsini - bədənin formalaşması zamanı baş verən dəyişikliklər, hormon dəyişiklikləri və ya genetik faktorları misal çəkmək olar. Elm adamları qeyd ediblər ki, oğlanlara nisbətən qızlarda genetik faktorlar daha çox özünü büruzə verir. Bir çox hormonal amillər, həmçinin üzərinə düşən iş və ev vəzifələri, təkbaşına uşaq böyütmək, yaşlı valideynlərə qayğı göstərmək kimi əlavə stresslər qadınlarda depressiyaya səbəb ola bilər. Qadınların bir çoxu ana olduqdan sonra hormonal və fiziki dəyişikliklər, habelə yeni həyatın əlavə məsuliyyətinin təsiri ilə depressiyaya düşürlər. Əhvalın pisə doğru dəyişməsi yeni analar üçün adi bir hadisə olsa da, depressiv sindromun baş verməsi aktiv müdaxilə tələb edir. Bundan başqa bir çox hallarda qadınlar öz həmcisnlərindən daha gözəl görünmək istəyirlər və bu zaman özgüvəni aşağı olan xanımlar başqa qadınları daha gözəl hesab edib depressiyaya düşə bilirlər. Qadınların depressiyaya düşmələrində dost və rəfiqə hesab etdikləri xanımların rolu da çox olur. Necə deyərlər, bir xanımın ən böyük rəqibi dost bildiyi xanımdır".
Müəllif: Söylü Ağazadə/SİA.AZ
#psixoloq #qadınlar #depressiya #intihar #stress
OXŞAR XƏBƏRLƏR