Bu gün buraxılış imtahanında 50 mindən çox şagird iştirak edəcək

Dövlət İmtahan Mərkəzi Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində ilk dəfə buraxılış imtahanı keçirəcək
Yenilik.az xəbər verir ki, DİM-dən verilən məlumata görə imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 215 imtahan binası, 3880 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 629 ümumi rəhbər və imtahan rəhbəri, 4832 nəzarətçi-müəllim, 689 buraxılışı rejimi əməkdaşı (mühafizə), 215 bina nümayəndəsi cəlb edilib.
İmtahanda 50 min 823 şagirdin iştirakı gözlənilir. İmtahanda 47 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
Bu gün Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilir. Bu, DİM-in işğaldan azad olunan rayonlarda təşkil etdiyi ilk imtahandır.
Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.