Təhsil eksperti Nadir İsrafilov:"Hesab edirəm ki, müəllimləri narazı salmaq düzgün deyil"

Məlum olduğu kimi sertifikasiyada 30 baldan 50 bala qədər toplayanların maaşı 10%, 51 baldan yuxarı toplayanların maaşı 35 % artırılır. Bu məsələ ilə bağlı son günlər fəal müzakirələr gedir və müəllimlərin narazılığı müşahidə olunur. Hətta millət vəkili Vüqar Bayramov da bu mövzuda müəyyən təkliflərlə çıxış edib. Mövzu təhsil ekspertlərinin də diqqət mərkəzindədir.
N.İsrafilov qeyd edib ki, "Məlum olduğu kimi sertifikasiya Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçirilən tədbirlərdən biridir və “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən keçirilməsinə ötən ildən start verilən bu prosesə məhz, müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, pedaqoji mədəniyyətdə və təcrübədə dəyişikliklər prosesinə yardım göstərən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini, onların ixtisasının artırılması zərurətinin müəyyənləşdirən, pedaqoji işçilərin əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır.
Bu mənada, müəllim heç də sertifikasiyaya görə yox, nüfuzuna görə, müqəddəs və şərəfli hesab etdiyimiz müəllim adına görə daim hazırlıqlı olmalıdır. Əsas nəzarətçi müəllimi sertifikasiyaya cəlb edən deyil, onun müəllimlik şərəfidir. Müəllimin savadına, bacarıq və qabiliyyətinə, hörmət və nüfuz sahibi olmasına əsas qiyməti sertifikasiya komissiyasından daha çox valideyn, şagird, onun işlədiyi kollektiv, ətraf mühit verir. Müəllimin ən böyük uğuru öz yetirmələrinin ona, onun öz yetirmələrinə olan sevgisidir. Sertifikasiyadan keçmək, hələ tam peşəkar və nüfuz sahibi olmaq demək deyil. Qaşıdakı 5 ildə sayıqlığı və səriştəni itirmək, bəri başdan peşəkarlığı və nüfuzu itirmək deməkdir."
Təhsil eksperti son günlər aktuallaşan məlum mövzuya da toxunub. N.İsrafilov deyib ki, "O ki qaldı sertifikasiya imtahanlarından 30 bal toplayan müəllimlərin maaşının 10%, 51 bal toplayan müəllimlərin isə maaşının 35%-lik artımına, yəni 50 bal toplayan müəllimlərin bir çoxunun 1 bala görə əmək haqqlarına 35 faiz əlavə olunmamasını ədalətsizlik kimi görmələri, daha aşağı nəticə göstərən müəllimlərlə eyni mövqeyi tutmalarına görə narazılıqlarını bildirmələrinə bunu da başa düşmək o qədər də çətin məsələ deyil . Bununla belə, belə bir limit hədd olaraq artıq Nazirlər Kabineti tərəfindən təsdiq olunb. Hər halda 51 bal həddir. Proses belə qəbul olunub. Mən də hesab edirəm ki, 1 bala görə müəllimləri narazı salmaq düzgün deyil. Amma, həmin bal həddi 52, 53, 54-ə qaldırılsa belə və ya əksinə, yenə müəyyən narazılıqlar üçün müəyyən səbəblər tapılacaq.
İstənilən halda belə bir bölgü müəllimlər arasında rəqabətin gücləndirilməsi baxımından atılan bir addım kimi dəyərləndirilməlidir. Qarşıda hələ 5 il var. İstisna olunmur ki, növbəti illərdə də Qaydalarda müəyyən dəyişikliklər, o cümlədən də sözügedən məsələ ilə bağlı da müvafiq dəyişikliklər edilməsin..."
Vüsalə
OXŞAR XƏBƏRLƏR