Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Şeyxülislam, müfti, qazi, imam, axund - heç biri İslamda yoxdur! - Elşad Miridən AÇIQLAMA

"Şeyxülislam, müfti, qazi, imam, axund - heç biri İslamda yoxdur! - Elşad Miridən AÇIQLAMA

2023-07-24 , 18:27

“Düz deyirlər, mən din xadimi deyiləm. İslamda din xadimliyi yoxdur. Peyğəmbər özü din xadimi olmayıb. Heç Peyğəmbərin səhabələri, övladları da din xadimi olmayıblar. “Din xadimliyi” anlayışı dini iyerarxiya kimi sonradan uydurulmuş məsələdir. Məsələn, kardinallar, yepiskoplar, keşişlər papalığa qədər qalxırlar, eynilə bu gün Azərbaycanda da, təəssüf ki, Şeyxülislam, müfti, qazi, imam, axund, moizəxan, mərsiyəxan və bu kimi xeyli ifadələr ortaya çıxarıblar. Bunların heç birinin İslama aidiyyatı yoxdur. Mən heç vaxt özümü din xadimi kimi görməmişəm, din xadimi deyiləm. Din xadimi olmaq kimi bir arzum, məqsədim də olmayıb. Çünki uydurma bir məsələni təqdim etmək doğru yanaşma deyil...”

 
Yenilik.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.
 
O, haqqında səsləndirilən “Elşad Miri din xadimi deyil, çünki hansı sualı verirsən, deyir ki, dində yoxdur” sözlərinə isə belə cavab verib: “Elə məsələlər var ki, dində varsa, deyirəm “həqiqətən dində var”. Yoxdursa, deyirəm ki, dində yoxdur. İslamın yeganə mənbəyi “Quran”dır. “Quran”a baxdığımız zaman halal və haramın orada müəyyənləşdiyini görürüksə, deyirsən ki, haram ancaq bunlardır. Digərləri ilə bağlı Allah heç yerdə “haram” kəlməsini işlətməyibsə, biz özümüzdən niyə yeni bir halal, yaxud haramlar çıxaraq? Bunu da özümdən demirəm. “Quran”ın 16-cı surəsi “Nəhl”in 116-cı ayəsinə əsasən deyirəm. “Dində yoxdur” deyirəmsə, sonra onun alternativinin olub-olmadığına da baxıram. Alternativinin nə olduğunu da qeyd edirəm. Bir şeyi unutmayaq: “Quran” VII əsrdə yaşamış insanlara olduğu qədər XXI əsrdə yaşayan insanlara - Azərbaycanda da, Afrikanın cəngəlləyində yaşayanlara da, Amazonda yaşayan insanlara da müraciət edən dindir. “Quran” yapona da, qaraçıya da, amerikana da - hər kəsə müraciət etməlidir. Çünki “Quran” insanlığa göndərilən bir kitabdır. Hansısa xüsusi tayfaya, xalqa, qövmə göndərilən kitab deyil”.
 
E.Miri mətbuata açıqlamalarını məqsədli şəkildə verdiyi barədə fikirlərə isə belə münasibət bildirib: “Heç vaxt məqsədsiz şəkildə heç nə etmirəm. Sual verilirsə, bəli, məqsədli şəkildə suala cavab verməyə çalışıram. Yaxud video hazırlayıramsa, deməli, mövzu ilə bağlı hər hansı müzakirə var ki, onu insanlara çatdırmağa çalışıram. Bir mövzunu araşdırmışamsa, araşdırmamı təqdim etməyə çalışıram. “Quran”ın tərcüməsi üzərində də çalışıram. Çalışdığım zaman bizim dilimizdə, yaxud müxtəlif dillərdə olan qüsurlu, “Quran”ın əksinə, zidd yanaşmanı, məqsədli şəkildə qeyd edirəm ki, bunlar yanlış edilib, doğrusu belə olmalıdır. Bu da mənim fikrimdir. Bəlkə, fikrimdə yanlışam? Buna görə də həmişə açıqlama verirəm ki, bu işi daha yaxşı bilən, alternativ fikir ortaya qoya bilənlər dediyim məsələlərə aydınlıq gətirsinlər, cavab versinlər. Bəlkə, dediklərim həqiqətən səhvdir? Onda mən də öyrənmiş olaram. Öyrənərəmsə, açıq-aşkar açıqlama verib, öz səhvimi düzəldərəm. Təəssüf ki, bu günə qədər həmin fikirlərimə alternativ gətirmək, yaxud cavab vermək əvəzinə şəxsimlə bağlı ləkələməyə, böhtan atmağa, müxtəlif ifadələr işlətməyə çalışırlar. Heç nə deyə bilmərəm. Allah canlarını sağ eləsin...”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.