Bakıda öldürülən cinsi azlıq nümayəndəsi tanınmış vəkilin qardaşı imiş - TƏFƏRRÜAT
Bakıda tanınmış vəkilin qardaşını qətlə yetirməkdə təqsirləndirilən Rəsul Ağazadənin cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.
Yenilik.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Səmədov ittiham aktını elan edib.
İttiham aktında göstərilib ki, Rəsul Ağazadə cəzasını çəkib qurtarmasına baxmayaraq, islah yoluna qədəm qoymayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 22 aprel 2023-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhərində tamah niyyəti ilə maddi sərvət əldə etmək məqsədilə tanışı M.M.-ə (ad və soyad şərtidir) basqın edib quldurluqla əlaqədar qəsdən öldürməklə əmlakını ələ keçirmək qərarına gəlib.
O, həmin niyyətini həyata keçirmək üçün açılıb-qatlanan bıçaqla silahlanaraq cinsi əlaqədə olmaq adı ilə cinsi azlıq nümayəndəsi olan M.M.-lə onun Nərimanov rayonu, Akademik Həsən Əliyev ünvanında yerləşən evində görüşüb. M.M.-lə könüllü şəkildə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra əvvəlcədən planlaşdırdığı niyyətini reallaşdırmaq məqsədilə ona hücum edərək əvvəlcə əli ilə zərbələr endirib.
Təqsirləndirilən şəxs M.M.-in qəsdən öldürülməsinə və əmlakının ələ keçirilməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək silah qismində istifadə etdiyi bıçağı çıxarıb M.M.-in boyun nahiyəsinə həyatı üçün təhlükəli olan bir dəfə zərbə endirərək sağlamlığına ağır xəsarət yetirib. M.M. aldığı ciddi xəsarətlərdən və qanitirmədən ölüb.
Rəsul Ağazadə masanın üzərində olan M.M.-ə məxsus bir ədəd 120 manat dəyərində "Redmi Note 7 modelli mobil telefonı ələ keçirib. Daha sonra həmin telefonu cinayətdən xəbərsiz olan tanışı Zülfüqar İsmayılova 60 manata sataraq əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib.
R.Ağazadənin bundan öncə də bir dəfə məhkumluğu olub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.
Daha sonra təqsirləndirilən şəxsə söz verilib. R.Ağazadə ona elan edilmiş ittihamla və Cinayət Məcəlləsinin iki maddəsilə özünü təqsirli bilməyib.
Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.
Qeyd edək ki, qətlə yetirilən M.M. tanınmış vəkil, eyni zamanda deputatlığa namizəd olmuş V.M.-in qardaşı imiş.