Qərbin Azərbaycanı qarışdırmaq planı bu dəfə də boşa çıxdı
Dünən Daxili İşlər Nazirliyi Ramin Cəbrayılzadənin ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirib. Bundan sonra yəqin ki, əməliyyat məlumatı əsasında Aysel Umudova, Aytac Tapdıq və Xəyalə Ağayeva, Aynur Elgünəş və Natiq Cavadlı adlı şəxslər də saxlanılıblar. Məlum olub ki, bu şəxslər həm də Meydan.tv adlı xaricdən maliyyələşən və Azərbaycanda qeydiyyatdan keçməyən onlayn media qurumu ilə əməkdaşlıq edirlərmiş. Bundan çıxış edərək indi xaricdə bəzi dairələr ölkəmizə qarşı hücuma keçiblər ki, bəs Azərbaycanda jurnalistlər həbs olunub.
Azərbaycanda polis də, müstəntiq də, müəllim də, icra başçısı da, həkim də, hətta toxunulmazlığı olan deputat da və digər peşə sahibləri də cinayət törətdiyi halda həbs olunursa, jurnalistika sahəsində çalışan şəxs əgər fakt varsa, niyə həbs olunmasın ki? Həm də həbs qətimkan tədbiri hələ həbs olunmaq deyil, ola bilsin ki, istintaq müddətində təqsirləri sübuta yetirilmədi və azadlığa çıxdılar, bilmək olmaz. Lakin qoparılan hay-küy “torbada pişik var” deməyə əsas verir. Görünür ittihamlar əsassız deyil və ölkəmizə qeyri-qanuni keçirilən vəsaitin əsl sahibləri narahat olmağa başlayıblar.
Gürcüstanı bu cür yollarla qarışdırıb iğtişaş və küçə döyüşləri meydanına çevirənlərin Azərbaycandakı ara qarışdırmaq cəhdləri ifşa olunaraq qarşısı alındıqca dəliyə dönürlər. Əvvəllər partiya funksionerlərini qaçaqmalçılıq işinə cəlb etmişdilər, qaçaqmalçılardan ələ keçən keçdi, cəzasını aldı, ələ keçməyənlərin keçirdikləri vəsait də radikal müxalif partiya sədrlərinin komfort həyat sürməsinə xərcləndi getdi.
Bakıda aranı qarışdıra bilməyincə yeni ssenari yazıldı. Bu dəfə jurnalistlərdən çirkin məqsədlər üçün istifadə etməyə qərar verdilər. Bəzi terror təşkilatları mülki əhalinin arxasında gizlənib başqa dövlətlərə raket atıb sonra da buna cavab olaraq endirilən zərbələrdən günahsız insanlar həlak olunca “qoymayın körpələri, uşaqları öldürürlər” hay-həşiri saldıqları kimi ölkəmizdə sabitliyi pozmaq istəyənlər də jurnalistləri maşa kimi istifadə edib sonra da “qoymayın Azərbaycanda jurnalistləri həbs edirlər” çığırırlar. Gecə-gündüz heç bir fakta, sübuta əsaslanmadan ağıllarına nə gəldi yazırlar, hansı bir yazıya görə kimisə çağırıb həbs ediblər? Halbuki kifayət qədər əsas tapmaq olar. Vergidən də yayınırlar heç kim gözün üstə qaşın var demir. Halbuki ABŞ-da eyni əməli törədən olsa peşəsindən asılı olmayaraq dərhal dama basarlar.
Azərbaycan ölüm hökmünü hələ də ləğv etməyən ABŞ-dan fərqli olaraq hüquqi dövlətdir, ABŞ-ın hazırki prezidentinin oğlu cinayətkardır və bu gün məhz atası prezident olduğuna görə, atasının gül balası olduğu üçün əfv olunub. Bu boyda biabırçı faktı ört-basdır edib “Azərbaycanda jurnalistlər həbs olunur” demək yumşaq ifadə etsək, həyasızlıqdır. Jurnalist qanunu pozursa, ona nə desinlər? Desinlər ki, "bağışlayın, sizin jurnalist olduğunuzu bilməmişik, üzrlü sayın, siz cinayət məsuliyyətindən azad olunursunuz"? Onda bütün cinayətkarlar jurnalistikaya axın etməzmi? Bu nə düşüncəsizlikdir? ABŞ ya digər özünü demokratiya beşiyi kimi sırımaq istəyən demokratiya deşikləri niyə azad sözə qarşı dözümsüzdürlər? Julian Assancın başına gələnlər, Fransada Azərbaycan jurnalistlərinə qarşı törədilən zorakılıq faktları və s. Bir deyil, iki deyil. Hələ də imperialist təfəkürdən azad ola bilməyən bu fitnə yuvaları “azad söz” maskası altında Qafqazı dağıtmaq və təbii sərvətlərimizə sahib olmaq istəyirlər. Onların dərdi söz azadlığı deyil, onların yeganə dərdi yeni faydalı qazıntı yataqları ələ keçirmək və istismar etməkdir. “Ərəb baharı” ilə ərəb dünyasını tarmar edən ABŞ və vassalları indi “Gürcü payızı” ilə Qafqazı qarışdırmaq istəyirlər. ABŞ-da minlərlə bomj küçələrdə səfil həyatı sürərkən Vaşinqton öz işsiz və ac vətəndaşlarını düşünməkdənsə hansısa ölkəyə niyə pul göndərsin ki? Xarici təşkilatlar həmişə hesabatlarında bildirirlər ki, Azərbaycanda jurnalistlərin gəlirləri çox aşağıdır. Əgər elədirsə onda bu qədər dollarlar bu jurnalistlərin cibində haradandır? Əsas və açar sual da məhz budur. Bu pullar həmin jurnalistlərə kim tərəfindən və hansı çirkin məqsədə xidmət etmək üçün verilib? Yəqin ki, bu suala istintaq aydınlıq gətirəcək və o zamana qədər biz “Azad söz” haqqında ingilisdilli nağılları hələ çox eşidəcəyik.
Xanlar Xoca
OXŞAR XƏBƏRLƏR