Yenilik.Az
www.Yenilik.Az » Hüquq guşəsi » Xəyanət edən qadından uşaqlar alına bilərmi? - MÜNASİBƏT BİLDİRİLDİ

Xəyanət edən qadından uşaqlar alına bilərmi? - MÜNASİBƏT BİLDİRİLDİ

Xəyanət edən qadından uşaqlar alına bilərmi? - MÜNASİBƏT BİLDİRİLDİ
2024-04-02 , 06:59

"Nikahın pozulması zamanı uşağın yaşayış yerinin müəyyən olunması, yəni valideynlərdən kimin himayəsində yaşayacağı məsələsi də həll olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, Ailə Məcəlləsinin 52-ci maddəsində də göstərilir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmalar gedişində dinlənilmək hüququna malikdir: "Onun maraqlarına zidd olan situasiyalar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və qəyyumluq və himayəçilik orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
Məhkəmə uşağın fikrini öyrənməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətən üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün həlledici rol oynaya bilməz.
Adətən 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 1959-cu il 20 noyabr tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və maddi-mənəvi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa anasından ayrılmamalıdır. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar, yəni ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, ona qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. başa düşülür.
Qeyd edilən müstəsna hallarda uşaq atasının yanında saxlanıla bilər. On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır. Bir məsələni də qeyd edim ki, bir çox vətəndaşın düşündüyünün əksinə olaraq, qadının hansısa başqa şəxslə yazışdığının, yaxud görüşməsinin iddia edilməsi uşağın anadan alınıb ataya verilməsinə səbəb olmur".
Müəllif: Söylü Ağazadə

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.